Bakının Binəqədi rayonundakı 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəlliminin 18 yaşlı oğlanla evlənməsi xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bəzi saytlar isə bunu qeyri-adi hadisə kimi tirajlayıblar. Halbuki, 18 yaşlı qızın 40 və ya 50 yaşlı kişi ilə evlənməsi xəbəri yayımlananda nə qeyri-adi hadisə hesab olunur, nə də cəmiyyətdə təəccübə səbəb olur.
Unikal.org bildirir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da modern.az-a açıqlamasında deyib ki, dünyada mənəvi məsələlərdə anomaliyalar var.
"70 yaşlı kişi 18 yaşlı qadınla evlənəndə buna təəccüblə baxmırıq, halbuki, o da anormal hadisədir. Bu cür mənəviyyatımıza zidd şeylər bütün cəmiyyətdə var və qloballaşan dünyada hər kəs təsir altına düşür.
Ailə Məcəlləsinə görə, Azərbaycanda qız və oğlanlar üçün nikah yaşı 18-dir. Onların bu yaşdan tez ailə qurmasına icazə verilmir. Cinayət Məcəlləsində qadının nikaha girməyə məcbur etməyə görə 2 min manatdan 3 min manatadək cərimə və ya 2 il müddətək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Deputat hesab edir ki, bu cür evliliklər - istər qızın özündən çox böyük kişi və ya oğlanın özündən çox böyük qadınla evlənməsi halları milli-mənəvi dəyərlərə ziddir.
"Onu başa salan olmayıb ki, özündən yaşda xeyli böyük qızla evlənirsən, sənin ailən necə olacaq, uşağı necə tərbiyə edəcəksiniz, uşaq necə dünyaya gələcək. Belə ailələr qurulanda onun sonuna baxmaq lazımdır. Hissləri ağıldan üstün tutaraq evlənirlər, baxmaq lazımdır ki, bir neçə ildən sonra bu ailə qalır, yoxsa davam edir? Elə bir statistika hələ ki yoxdur. Amma eşitdiklərimə görə, elə ailələr çox tez dağılır.
Bu gün yayılan məlumatda deyilir ki, ingilis dili müəllimi oğlan onun şagirdi olanda bir-birlərini seviblər və iki ildən sonra evləniblər. Yəqin, onlar dünya praktikasından nəsə öyrənib, oxuyublar və ya doğrudan da belə hisslər olub. Bu ailə görək necə olacaq. İnanmıram ki, möhkəm ailə olsun, fikirlər üstü-üstə düşsün və problemlər olmasın. Qadının gənc əri varsa, orada qısqanclıq məsələsi də olacaq. Təki xoşbəxt olsunlar. Lakin bu məsələləri qeyri-normal hesab edirəm".
Komitə sədri məktəblərdə bu cür anormal hadisələrin baş verməsini müəllim-şagird münasibətlərindəki boşluqlarla əlaqələndirib.
"Açıqlamada deyilir ki, müəllim ilə keçmiş şagirdinin münasibəti məktəbdən başlayıb. Deməli, müəllim-şagird münasibətlərində boşluqlar var. Şagird müəllimə müəllim gözü ilə baxmalıdır. Bizim ideal müəllimiz var, lakin bu o demək deyil ki, onunla evlənməliyik. Görünür, bu məktəbdə müəllim-şagird münasibətləri yüksək səviyyədə deyil. Çünki artıq neçənci məktəbdir belə hallar baş verir, Şamaxıda baş verən hadisənin ardınca bu olay. Məktəblərdə bu cür hadisələrin olması yaxşı hal deyil. Tərbiyə birinci yerində olmalıdır. İnsanların birinci tərbiyəsi, sonra savadları olmalıdır. Görünür, bu məktəblərin bəzilərində müəllim-şagird məsələləri, tərbiyə məsələlərində boşluqlar var".
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəllimi Əminə xanım keçmiş şagirdi, 18 yaşlı Cəlil Xəlilovla ailə qurub.
Bəzi saytlar Əminə müəllimin oğlana qoşulub qaçması haqda xəbər yaysalar da, sonradan məlum olub ki, bu, yalandır, onlar dünən rəsmi şəkildə nikah bağlayıb, toy ediblər. Cəlil Xəlilovun şagird kimi təqdim olunması də həqiqət deyil. Belə ki, o, orta məktəbi ötən il bitirib və artıq şagird deyil.