Azad Rəhimovun absurd çağırışı
12:49 08-09-2012
CƏMİYYƏT
Azad Rəhimovun absurd çağırışı
Nazir öz şirkətlərini niyə gəncliyə dəstəkdən kənarda saxlayır?
Bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimov maraqlı bir çağırış etdi. İlk baxışdan bu çağırış təqdirəlayiq görünsə də, əslində dərindən düşündükdə adamda müəyyən suallar doğururdu. Əvvəlcə gəlin Rəhimovun həmin çağırışını xatırlayaq.
Rəhimov demişdi ki: "Ümid edirəm ki, bundan sonra gənclərlə bağlı layihələrə başqa biznes şirkətləri də dəstək olacaq". Həmin sözlər "İrəli" İctimai Birliyi tərəfindən nəşr olunmuş "Azərbaycanı tanı" kitabının təqdimat mərasimində səsləndirilmişdi. "Zqan Holdinq" və "Azercell" şirkətlərinin layihəyə dəstək verdiyini xatırladan A. Rəhimov isə məhz yuxarıdakı çağırışı səsləndirmişdi: "Ümid edirəm ki, bundan sonra gənclərlə bağlı layihələrə başqa biznes şirkətləri də dəstək olacaq".
Bəs bu çağırışda absurd olan, adamda suallar yaradan məqamlar hansıdır? İndi buna da aydınlıq gətirəcəyik.
Məsələ burasındadır ki, Rəhimovun özü də şirkətlər sarıdan heç də kasad deyil. Onun nəhəng biznes imperiyasına malik olduğunu çoxumuz bilirik.
Bilməyənlər üçünsə xatırladaq ki, Azad Rəhimov hələ nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda "İtaldizayn" şirkətini açıb.
Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.
Bir mapraqlı faktı da qeyd edək: təkcə nazirə məxsus "İtaldizayn" şirkətinə şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: "İdea", "Creative System", iki "Villeroy & Boch" butik və salonu, "Bang & Olufsen", "Ambiance", dörd "Swarovski" butiki, "Royal Collection", "Royal Collection - Watches & Accessories", "Yves Delorme", "Baccarat - Bernardaud", "Museum", "Chopard", "Carpets Boutique", "Lladro", "Roberto Coin - de Grisogono"; iki "Eurodesign" və "Transeurocom" telekommunikasiya şirkəti; "İD Catering" keyterinq şirkəti və "Creacon" inşaat şirkəti.
Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində "İtaldizayn Group"un təklif və xidmətləri bazarda ən yaxşılardandır.
Azad Rəhimov nazir olduqdan sonra imkanlarından istifadə edərək holdinqə daxil olan şirkətlərin beynəlxalq sərgilərdə iştirakını təmin edib. Holdinqin "Mebel ticarəti sahəsində ilin ən yaxşı şirkəti" nominasiyasında "UĞUR" milli mükafatına, Parisdə Avropanın otuz aparıcı şirkəti sırasında "Keyfiyyətə görə" Avropa beynəlxalq mükafatına layiq görülməsi bunun əyani sübutudur.
Bütün bunlardan sonra sual yaranır: nazir başqa şirkətləri də gənclərin layihələrinə dəstək verməyə çağırarkən öz şirkətlərinin belə projelərə soyuq yanaşmasını nə ilə izah edir? Kimsə Azad Rəhimovun biznes imperiyasına məxsus şirkətlərin indiyədək gənclərin layihələrinə dəstək verməsi barədə eşidibmi?
Elə isə gənclər və idman naziri necə ola bilər ki, digərlərinin şirkətlərindən dəstək umur, dəstək gözləyir? Olmazmı bu işdə ən birinci nümunəni elə Rəhimovun öz şirkətləri göstərsin?
Bax biz Rəhimovun çağırışının adamda müəyyən suallar doğurduğunu deyərkən, elə yuxarıdakı sualları nəzərdə tuturduq. Həmin suallara nazirdən cavab gözləmirik, amma onu deməyi vacib sayırıq ki, bu suallar açıq qaldıqca nə kimlərinsə Azad Rəhimovun çağırışına səmimi yanaşacağına inanırıq, nə də həmin çağırışa qoşulacağına.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15