Qazax rayonunda Müasir İnkişaf İctimai Birliyi, "Hilal Sosial Araşdırmalar İctimai Birliyi, "Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı, Qazax rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib. 

Unikal.org xəbər verir ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən tədbirdə rayon gənclər və idman idarəsinin, BDU-nun Qazax filialının və kollecin əməkdaşları, müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin təmsilçisi Sərdar Orucov açıb, tədbir haqqında, mövzu barəsində və o cümlədən təşkilatçılarla bağlı qısa məlumat verib.

Daha sonra çıxış edən Müasir İnkişaf İctimai Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa ekskurs edib. O, müsəlman şərqinin ilk parlamentli respublikası olan AXC-nin gördüyü işlərin daim təbliğ edilməsinin vacibliyini vurğulayıb. M.Göyüşlü bu səbəbdən prezident İlham Əliyev tərəfindən Sərəncam imzalanmasını, dövlət qurumlarının, təhsil müəssisələrinin tədbirlər keçirməsini müsbət qiymətləndirərək ictimai təşkilatların da fəal olduqlarını qeyd edib. O, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və digər ziyalılar tərəfindən qurulan, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra önəmli fəaliyyətlərə imza atdığını qeyd edib. M.Göyüşlünün sözlərinə görə bayrağın, himnin, gerbin qəbul edilməsi, ordunun, polisin, BDU-nun, parlamentin və s. qurulması məhz AXC-nin fəaliyyətinin nəticəsi olub. O, Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsini, bu tarixi hadisə münasibətilə bir neçə həftə əvvəl "Azadlıq meydanında Azərbaycanla Türkiyənin dövlət başçılarının iştirakı ilə möhtəşəm hərbi paradın keçirilməsini xüsusi olaraq qeyd edib.
"Hilal Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib ki, Cümhuriyyətin qurulmasında Qazax qəzasının sakinlərinin, qazaxlıların da töhfəsi olub. A.Abdulkərimov Şıxlınskilərin, Qayıbovların, Vəkilovların və s. fəaliyyətini sadalayıb, onların gördükləri işlərin müsbət nəticələr doğurduğunu söyləyib. O, aparılan mübarizənin, çəkilən əziyyətin 1920-ci ilin 28 aprelində baş vermiş sovet işğalı ilə yarımçıq qalmasından, müstəqilliyin itirilməsindən təəssüfləndiyini vurğulayıb. Müasir dövrdə Azərbaycan Respublikasının inkişafından söz açan natiq müstəqilliyi qorumağın, onu daha da gücləndirməyin vacib olduğunu vurğulayıb. "Hazırda bizim dövlətimiz əmin əllərdədir və ötən hər gündə daha da güclənir deyən çıxışçı bildirib ki, AXC-nin varisi sayılan Azərbaycan Respublikasının güclənməsi, inkişafı daxili və xarici qüvvələri narahat edir. O, qeyd edib ki, ölkədə mövcud olan stabillik xalqımız üçün sərvətdir. Prezident İham Əliyevin yürütdüyü siyasətin nəticələrindən danışan A.Abdulkərimov hər kəsi buna dəstək olmağa səsləyib. Xaricdə dövlətə, dövlətçiliyə qarşı çıxan şəxsləri qınayan natiq onların təhqir, şantaj, hədə-qorxu ilə heç nəyə nail ola bilməyəcəyini açıqlayıb. Həmin şəxsləri açıq siyasi debatlara çağıran A.Abdulkərimov ermənipərəst fondlardan maliyyələşənlərin hər zaman iflasa məhkum olduqlarını söyləyib. Qazax rayonunda baş verən hadisələrə toxunan çıxışçı rayonda vəziyyəti qarışdırmaq istəyənlərin istəklərinə nail ola bilmədiyini, sakinlərlə yerli hakimiyyətin birliyinin bu planları pozduğunu qeyd edib.
Sonra tədbir çıxış və müzakirələrlə davam edib. Yekunda bu tip tədbirlərin müntəzəm şəkildə keçirilməsi razılaşdırılıb.