Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbələri "Çin dili körpüsü adlı beynəlxalq müsabiqənin Çin üzrə final mərhələsində iştirak edib. 

Unikal.org xəbər verir ki, müsabiqə "Çin dilini öyrən - yeni dünyanı kəşf et devizi altında məktəblilər arasında baş tutub. Müsabiqədə müxtəlif ölkələrdən orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Azərbaycanı təmsil edən Konfutsi İnstitutunun tələbələri Fidan Mədiyeva və Nəcibə Şükürova də iştirak ediblər. 

Tələbələr Konfutsi İnstitutunun əməkdaşı Li Changyongun köməkliyi ilə müxtəlif mövzularda Çin dilində çıxış edərək, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, sonda bədii nömrələr nümayiş etdiriblər. Müsabiqədə mükafatlandırılan tələbələr Çində 6 aylıq təhsil almaq şansı qazanıblar.

Müsabiqənin ardınca ADU-da Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Çin mədəniyyətini, milli xarakterini aşılamaq üçün "Çin sərgüzəştləri mövzusunda seminar keçirilib.

Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tələbələrin Çinə səfəri zamanı Azərbaycanın mədəniyyəti, tarixi və iqtisadiyyatını təbliğ etdiklərini bildirib. R.Abbasov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramına əsasən gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakı dəstəklənir və gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə səy göstərilir.

Tədbirdə çıxış edən Fidan Mədiyeva və Nəcibə Şükürova Çin sərgüzəştlərini, çinlilərin etnik özünüdərki, xüsusilə Çin milli xarakteri, kulinariyası, düşüncə tərzi, eyni zamanda onların milli-psixoloji keyfiyyətləri haqqında fikirlərini bölüşüblər.