Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən daş karxanalarında aparılan yoxlamalar kubikin qiymətini qalması ilə nəticələnib.
Unikal.org-un əldə etdiyi məlumata görə, qiymət artımı noyabr ayından baş verib. Belə ki, ev və obyektlərin tikintisi üçün nəzərdə tutulan bir mişar daşının qiymətində 10 qəpik artım qeydə alınıb. Belə ki, əvvəllər Bakıda 25-28 qəpiyə satılan bir mişar daşı, hazırda 35-40 qəpik arası dəyişir. Bakının bəzi yerlərində isə bu qiymətlər 50 qəpiyə qədər artır.
Mütəxəssislər qiymətin yaxın vaxtlarda daha da artacağını istisna etmirlər.
Qeyd edək ki, noyabr ayının 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı məlumata görə, Mişardaşı karxanası və əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.