Kənd təsərrüfatının xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Unikal.org xəbər verir ki, Dövlət Fitosanitar Xidmətinin Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərin say miqdarının müəyyən edilməsi məqsədi ilə 12500 hektar sahədə fitosanitar müşahidə tədbirləri həyata keçirilib və Ceyrançöl ərazisində 9200 hektar sahənin təhlükəli zərərvericilərlə sirayətləndiyi müəyyən edilib.
Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən zərərvericilərin artımının İqtisadi Zərərvurma Həddini keçməsinin qarşısını almaq məqsədi ilə kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Mübarizə zamanı "Brodifakum preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə olunub.
Qeyd edək ki, hazırda kimyəvi mübarizə işləri davam etdirilən Ceyrançöl ərazisində köçəri quşlar (qızıl qaz, kəklik, turac, bildirçin, sürü halında yaşayan çəyirtkəkimilərin entomafaqı olan ala sığırçın) çoxluq təşkil etdiyi üçün işlək yuvalara zəhərli aldadıcı yemlərin qoyulması zamanı yuvaların bağlanmasına daha çox diqqət yetirilir.