Bu gün Sumqayıt şəhərində yerləşən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının akt zalında YAP-ın yaranmasının 26 illiyi qeyd olunub.
Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının təşəbbüsü ilə keçirilmiş tədbirdə RİH-nin məsul şəxsləri, partiyanın ilk ərazi təşkilat rəhbərləri, şura üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyduqdan sonra akt zalında davam etdirilən tədbirdə dövlət himni səsləndirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, YAP-ın yaranması və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş olundu.
Tədbirdə giriş nitqi söyləyən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyevin hesabat məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir ağır vaxtda böyük şəxsiyyət, əvəzolunmaz siyasi xadim, Heydər Əliyevin rəhbərliyi altında 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirilərək partiyanın əsası qoyuldu. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün edilən çoxsaylı müraciətləri nəzərə alan dahi rəhbər 1993-cü ilin iyun ayının 9-da Bakıya gəldi. İyun ayının 15-də Milli Məclisə sədr seçilən Heydər Əliyev ölkənin düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün təxirəsalınmaz tədbirləri həyata keçirməyə başladı. Gördüyü bütün işlərdə həmişə xalqa arxalanan Heydər Əliyev oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir. 11 aprel 2018-ci ildə keçirilən növbədənkənar Prezident seçkilərində təşkilatımızın ən başlıca məqsədi partiyamızın namizədi cənab İlham Əliyevin yenidən yedkilliklə ölkə Prezidenti seçilməsi xalqımızın Ulu öndər siyasi kursuna güvəninin bariz nümunəsidir.
Qeyd olundu ki, YAP Qubadlı rayon təşkilatı fəaliyyətində partiyanın Nizamnamə və Proqram müddəalarının, YAP-ın qurultaylarının qərarlarının, icra katibliyinin tapşırıq və tövsiyələrini rəhbər tutur. Hazırda rayonda 80 ərazi ilk partiya təşkilatı və 3600 üzv var. Onlardan 1982-i qadın, 1618-i kişilər təşkil edir. Üzvlərin 1696 nəfəri gənclərdir.
Daha sonra natiq həmçinin qeyd etdi ki, Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasət bizi öz doğma torpaqlarımıza qaytaracaq. Dövlət Bayrağımız Şuşada, Xankəndində, Qubadlıda və digər işğal olunmuş rayonlarımızda dalğalanacaq.
Sonra YAP Qubadlı rayon Gənclər təşkilatının sədri Aqil Quliyev çıxış edərək bildirdi ki, Gənclər Birliyi öz işini Rayon Gənclər və İdman idarəsi ilə əlaqəli şəkildə qurmuş, rayonun gənclərinin zərərli vərdişlərdən çəkindirilməsi ilə bağlı marifləndirici tədbirlər həyata keçirmişdir. Cənab Prezident İlham Əliyevin gənclərlə bağlı apardığı məqsədyönlü siyasət Respublikanın hər yerində olduğu kimi bizim rayonda da İcra Hakimiyyətinin başçısı tərəfindən uğurla həyata keçirilir. Hər il beynəlxalq yarışlarda iştirak etmək üçün idmançılarımıza əməli köməklik göstərilir. Elə bunun nəticəsidir ki, beynəlxalq və Respubilka əhəmiyyətli yarışlarda fəxri kürsüdə yer tutan idmançılarımızın sayı ilbəil artır. Gənclərə rayonda göstərilən qayğı təşkilatın Gənclər Birliyinin fəaliyyətini genişləndirir və gənclərin partiyaya axınına təkan verir. Bunun nəticəsidir ki, son illərdə partiyaya üzv qəbul edilənlərdən 1696 nəfəri gənclərdir.
Daha sonra YAP Qubadlı rayon Qadınlar birliyinin sədri Hüseynova Badam çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru, Şura üzvü İmanov Savalan, YAP Qubadlı rayon Çaytumas ərazi təşkilatının sədri, Şura üzvü Atakişiyev Malik və digərləri çıxışlarında bildirdilər ki, Respublikanın və rayonun ictimai -siyasi həyatında YAP Qubadlı rayon təşkilatı hər zaman fəal iştirakı ilə seçilən rayon təşkilatlarındandır. Təşkilatımızın aparatı tərəfindən onlarla mütamadi əlaqələr saxlanılmış, ilk təşkilatlarda dəyirmi masalar, treninqlər keçirilmişdir. İlk təşkilatlarda qəbul və digər sənədləşmə işlərinin düzgün aparılması üçün prosedur qaydalara əməl edilmişdir. Belə ki, partiyanın Qərargahında hər bir ərazi ilk partiya təşkilatı haqqında məlumatların saxlandığı ayrı-ayrı qovluqlar tərtib olunmuş və həmin qovluqlarda ilk partiya təşkilatı uçotunda olan üzvlər haqqında bütün məlumatlar öz əksini tapmışdır.
Qeyd olundu ki, ərazi ilk partiya təşkilatlarında aparılan işin vəziyyəti İdarə Heyətinin iclaslarında müzakirəyə çıxarılır, qəbul olunan qərarların icrasına nəzarət təmin olunur. Hesabat dövrü ərzində təşkilatımızın ictimai- siyasi həyatında göstərdikləri səmərəli fəaliyyətə görə partiyamızın 90 üzvünə təşkilatımız tərəfindən Fəxri Fərman və müxtəlif qiymətli hədiyyələr verilmişdir. Təşkilatımız tərəfindən partiya üzvü olan imkansız şəxslərə maddi köməklik edilmiş və onların qarşılaşdığı problemlərin aradan qaldırılması üçün müvafiq işlər görülmüşdür.
Hər ay yeni qəbullarla bağlı sənədlər hazırlanaraq YAP Mərkəzi aparatına göndərilməsi təmin edilmişdir. Partiyaya qəbul edilmiş üzvlərə partiya vəsiqələrinin verilməsi digər işlər kimi təlimata uyğun aparılır. Belə ki, vəsiqələr yeni üzvlərin adları, vəsiqənin nömrəsi partiyanın qeydiyyat uçot kitabında qeyd edilməklə təqdim edilir.
Sonda rayonun ictimai-siyasi həyatında iştirak edən bir qrup YAP üzvünə fəxri fərman təqdim olunub, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edildi.