Ümummilli lider Heydər Əliyevin vəfatının 15 illiyi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə keçirdiyi anım tədbirində “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir yanaşmalar” mövzusunda ən yaxşı elmi-tədqiqat işləri üzrə elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
Unikal.org xəbər verir ki, bu müsabiqə cari ilin may ayında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan elmi-praktiki konfransda elan edilib. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktiki məsələlərdə istifadə edilməsindən, alim və tədqiqatçıların bu sahədə innovativ məlumat bankının yaradılmasına təkan verməsindən ibarət olub.
Öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov tədbirin əhəmiyyətindən danışıb, müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini vurğulayıb. Eyni zamanda, bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir. Təqdimatı keçirilən kitabda isə gənc alimlər, elm adamları torpaqlardan daha səmərəli istifadə edilmə yollarını, torpaq münasibətlərinin yeni çağırışlar əsasında tənzimlənməsi mexanizmini əks etdiriblər.
Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirildi.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə torpaqların effektiv idarə edilməsi prinsipinə keçid oldu, ərazilərin səmərəli istifadəsi üçün lazımı nəzarət tədbirləri beynəlxalq təcrübəyə əsaslandı. Həmçinin torpaq istifadəçiliyi bazar şəraitinə uyğunlaşdırıldı, bu sahədə mükəmməl mexanizm formalaşdı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət də Heydər Əliyev Torpaq Siyasətinin məntiqi davamıdır. Ölkə başçısının rəhbərliyi ilə torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görülməkdədir.
Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılması, Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması ilə bağlı elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi nailiyyətlərindən bəhrələnir. Torpaqların Elektron Kadastr Uçotu Sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, gənc alimlərin fəal iştirakı oldu. Elm adamlarının təklifləri, apardığı təhlillər kadastr uçotu işlərinin daha da sürətlənməsinə, səmərəliliyin artmasına imkan verdi.
Daha sonra ““Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir yanaşmalar”” mövzusunda ən yaxşı elmi-tədqiqat işləri üzrə müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblərə mükafatlar təqdim olunub, fəxri diplomlar verilib.
Sonda torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin hazırladıqları materiallar və apardıqları təhlillər əsasında nəşr edilən “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” kitabının təqdimatı olub. Bildirilib ki, bu toplu ölkəmizdə aparılan elektron kadastr uçotu işlərinin mahiyyətini cəmiyyətin daha geniş təbəqəsinə çatdıracaq. Kitab torpaqlardan istifadənin intensiv üsullarından, müasir dövrdə torpaqların kadastr uçotunun aparılmasının əhəmiyyətindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaranan çətinliklərin aradan qaldırılması yollarından bəhs edir. Nəşrdə Azərbaycanda torpaqların elektron kadastr uçotu, “Azərbaycanın dağlıq və dağətəyi zonalarında torpaqlardan səmərəli istifadə olumasının elmi əsaslandırılması, torpaq deqradasiyasının müasir kartoqrafiya texnologiyalarının tətbiqi əsasinda təhlili və qiymətləndirilməsi kimi mövzulara toxunulub.
Nəşrdə qeyd edilir ki, hər bir obyektin elmi əsaslarla idarə edilməsi onun dəqiq və hərtərəfli tədqiqini tələb edir. Bu baxımdan torpaq ehtiyatları ekosistemin tərkib hissəsi kimi canlı orqanizm olaraq həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə tədqiq olunmalı, onun problemləri müəyyənləşdirilməlidir. Həmçinin bu problemlərin aradan qaldırılmasına dair kompleks tədbirlər sistemi hazırlanmalı və həyata keçirilməlidir.