Müxalifətdə istefa qalmaqalı
11:35 18-09-2012
CƏMİYYƏT
Müxalifətdə istefa qalmaqalı
Elnur Astanbəylinin Müsavatdan və İctimai Palatadan getməsinə qınaqlar davam edir, yazar isə tənqidlərə son dəfə cavab verdi
Ötən həftə Müsavat və AXCP də daxil olmaqla müxalifət partiyalarının YAP-la sonuncunun qərargahında birgə bəyanat imzalaması ciddi rezonans doğurub. Bu hadisə təqdirlərlə bərabər, tənqidlərlə də müşaiyət olunur.
Məsələyə ən sərt reaksiyanı isə şair-publisist, Müsavat Partiyasının və İctimai Palatanın üzvü Elnur Astanbəylidən gəlib. O hər iki qurumdan istefa verdiyini açıqlayıb.
E. Astanbəyli addımını müxalifətin YAP-ın qərargahına getməsi və öz prinsiplərinin əleyhinə prosedurlar altında birgə bəyanat imzalaması ilə əsaslandırıb. Yazarın istefa qərarı isə müxalif düşərgədə fərqli reaksiyalar doğurub. Onun bu qərarına görə kəskin qınayanlar da, anlayışla qarşılayaraq dəstəkləyənlər də var.
Artıq mətbuatdan da məlum olduğu kimi, məlum istefaya ilk rəsmi qınaq Müsavat başqanı İsa Qəmbərdən gəlib. "Partiyadan gedənlərə dözümlü yanaşmaq lazımdır, əgər bəzi dostlarımız bizimlə söhbətə ehtiyac duymadan son qərar veriblərsə, canları sağ olsun, onlarla da söhbət edərik" - Müsavat başqanı bildirib.
Müsavat və AXCP-dən YAP-dakı görüşə gedən və bəyanatı imzalayanlar da E. Astanbəylini qınayan açıqlamalarla çıxış ediblər. AXCP sədrinin müavini Razi Nurullayev bildirib ki, hər kəsin özünün fərdi düşüncə tərzi var: "Bu Elnurun şəxsi seçimidir. Onun bu addımı ilə bağlı şərh vermək istəmirəm".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə bildirib ki, istefa addımı Elnur Astanbəylinin şəxsi işidir və onun qərarına hörmətlə yanaşır: "Mən Elnur Astanbəyli haqqında hesabat verməyə məcbur deyiləm".
E. Astanbəyli isə srağagün günün sonunda artıq facebook səhifəsində istefası ilə bağlı ünvanına səslənən tənqidlərə, sosial şəbəkələrdəki qınaq və təhqirlərə son dəfə cavab yazıb. "3 gündür davam edən həqarətlərə, hədyanlara son cavabım: mən Müsavata üzv olanda kimsə təəccüblənmədi. "Guya o indiyədək müsavatçı deyildi ki?!" dedilər. Heç düşündünüzmü, bir adam rəsmən Müsavat üzvü olmaya-olmaya onu niyə hər kəs müsavatçı sanırmış?! Niyə onun çoxdan Müsavat üzvü olduğunu hesab edirmiş? Bundan sonra da həmişə belə olacaq: məni həmişə müsavatçı hesab edəcəklər. Amma Müsavat üzvü ikən YAP-çı kimi düşünən neçələrinin də müsavatçılığı həmişə dartışılacaq. Həmişə mübahisə yaradacaq.
Odur ki, ayıbınıza kor olun, susun artıq!"
Dünən "qafqazinfo"ya açıqlamasında isə Elnur Astanbəyli istefa qərarının yox, bu qərarı verməsinin səbəblərinin müzakirə edilməsini istədiyini bildirib. "Bu məsələdə mənim şəxsi mövqeyimi yox, Azərbaycana ağır bir zərbə olduğunu diqqətə çatdırmaq lazımdır. Müxalifət partiyaları belə bir zərərli addımı niyə atıb? Bunun nəticəsi nə olacaq? Onun faydalı və zərərli tərəflərini müzakirə etmək gərəkdir" - tanınmış yazar belə deyib.
E. Astanbəyli bildirib ki, onun Müsavatdan istefası hansısa başqa bir siyasi partiyaya keçmək üçün atılmış addım deyildi, bu, onun baş verən məlm prosesə qarşı şəxsi etirazı idi: "Hazırda ölkəmizdə çox ciddi proseslər gedir, hesab edirəm ki, onları polemikaya çıxarmaq lazımdır, nəinki mənim bu addımımı. Hərə etirazını bir cür ifadə edir. Mən də belə davrandım".
Yazar onu da bildirib ki, YAP-dakı məlum toplantının müxalifətin ümumi məqsədlərinə çox ciddi zərbə vuracağını hiss etdiyi üçün partiyadan istefa verib. İsa Qəmbərin istefasına münasibətinə gəlincə isə E. Astanbəyli bildirib: "İsa bəy də özünü bu mövzu ətrafında olan müzakirələrdə özünü haqlı hesab edə bilər. Onsuz da hər birimiz eyni dəyərləri müdafiə edən insanlarıq. İstər-istəməz həmişə Azərbaycanla bağlı məsələləri müzakirə edəcəyik. Hər kəs də öz mövqeyini ortaya qoyacaq".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12