Azərbaycanın sosial dövlət statusunu möhkəmləndirən yol
02:35 19-09-2012
CƏMİYYƏT
Azərbaycanın sosial dövlət
statusunu möhkəmləndirən yol
Musa Quliyev: "DSMF-in büdcəsinin əsasən sığorta haqlarının yığılması sayəsində formalaşdırılmasına nail olmaq lazımdır"
Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsini prioritet elan edilib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu siyasətin həyata keçirilməsində mühüm rol oynayır. Bəs DSMF-in ötən 20 ildə fəaliyyətini necə qiymətləndirmək olar?
İlk addım
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev DSMF-in fəaliyyətini görülən işlərdən söz açmağı, pensiya sistemi sahəsində aparılan islahatlara toxunmağı zəruri sayır. Onun sözlərinə görə, sovet dövründə pensiya sistemi həmrəylik prinsipinə əsaslanıb. Yəni hər işləyən nəsil yaşlı nəsli saxlayıb. Ancaq bu, zamanın sınağından çıxmayıb, özünü doğrultmayıb. Musa Quliyev deyir ki, müstəqillik qazanan və bazar iqtisadiyyatına keçən Azərbaycanda da sovet dövrünün həmrəylik prinsipi özünü doğrultmadığı üçün sığorta prinsipinə keçid zəruri idi. Başqa sözlə, sığorta prinsipi pensiyaların təyin olunmasında, ödənilməsində bazar iqtisadiyyatına əsaslanan və buna xas olan pensiya ödənişi sisteminin əsasında dayanır. İşləyən dövrdə də, pensiyada olan dövrdə də özün özünü saxlamalısan. Yəni hər bir işləyən adam işlədiyi vaxtlarda sosial sığorta haqları ödəməklə öz pensiyasını formalaşdırır. Dünyanın bütün mütərəqqi ölkələri də bu sistemlə fəaliyyət göstərir.
Sosial siyasət komitəsinin sədr müavini qeyd edir ki, Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı yeni konsepsiyanın hazırlanması, yeni baxışların tətbiq olunması, modern pensiya təminatının həyata keçirilməsi 2001-ci il 17 iyul tarixdə dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası" haqqında sərəncamla başlayıb. Məhz bu sərəncam Azərbaycanda pensiya təminatının təyin olunmasının və ödənilməsinin yeni bir modelinin, artıq sosial sığortaya əsaslanan modelinin tətbiq olunmasının hüquqi əsaslarını yaradıb. Bunun ardınca isə daha bir fərman imzalanıb. Həmin fərman Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi haqqındadır. Məhz bu fərmandan irəli gələrək o zamandan əhalinin pensiyalarının hesablanması və ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq Dövlət Sosial Müdafiə Fonduna verilib: "Burada əsas mahiyyət ondan ibarət idi ki, Fond həm pensiya təminatı üçün əsas təşkil edəcək kapitalı, yəni, sosial sığortaların yığılmasını, təyin olunmasını təmin edəcək, həm də pensiyaların təyinatını aparacaq. Bununla bağlı olaraq pensiya sistemində yeni qaydaların tətbiqinə 2005-ci ildə başlanıldı. 2005-ci ildə bu sahə ilə bağlı üç mühüm qanun qəbul olundu. Prezident İlham Əliyevin sərəncamı ilə həmin qanunlar 2006-cı ilin yanvar ayından qüvvəyə mindi. Bunlar "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında" və "Fərdi uçot haqqında" qanunlardır. Bu qanunların qüvvəyə minməsi ölkəmizdə pensiya islahatlarının modern şəkildə həyata keçirilməsini təmin etdi və Azərbaycanda çox uğurlu və mütərəqqi bir pensiya sistemi quruldu".
Bir sistemdən başqa
sistemə keçən ölkələrdə rast gəlinməyən hal
Ancaq bir sistemdən başqa bir sistemə keçərkən müəyyən problemlər də ortaya çıxır. Musa Quiyevin sözlərinə görə, xüsusilə 2006-cı ilə qədər pensiyaya çıxanlarla həmin ildən sonra pensiyaya çıxanların təqaüdləri arasındakı kifayət qədər ciddi fərqin yaranmışdı: "Bu fərqin indiyə qədər mövcud olması həmin pensiyaçılarda haqlı narazılıq doğurması bir fakt idi. Prezident İlham Əliyev bu problemin həll olunması üçün müvafiq qərarlar qəbul etdi və bu məsələdə sosial ədalət prinsipi bərpa olundu. Bu, əslində hökumətin böyük maliyyə riskini öz üzərinə götürməsidir. Pensiya islahatlarının ən bariz nümunəsi və son mərhələsi olaraq 2011-ci ilin əvvəlində Prezidentin tapşırığı ilə hökumət 2006-cı ilə qədər pensiyaya çıxanlarla, 2006-cı ildən sonra pensiyaya çıxanların pensiyalarının arasında uyğunsuzluğu aradan qaldırmaq üçün tədbirlər işləyib hazırladı. Məhz bu tədbirlərdən sonra Azərbaycanda 850 min nəfər pensiyaçını əhatə edən pensiya islahatı həyata keçirildi. Azərbaycanda pensiyaların orta məbləği yüksəldi, həm də 850 min nəfərin pensiyası xeyli - 30 faizdən 100-120 faizə qədər artırıldı. Beləliklə, biz Avropa Sosial Xartiyasının daha bir müddəasına qoşulduq. İnkişaf etmiş dövlətlər qarşısında qoyulan tələblərdən biri ondan ibarət idi ki, həmin dövlətlərdə pensiyanın orta aylıq məbləği orta əmək haqqının orta aylıq məbləğinin 40 faizindən az olmamalıdır. Azərbaycanda Avropa Sosial Xartiyasının bu tələbi də yerinə yetirildi. Onu da deyim ki, bir sistemdən başqa sistemə keçən ölkələrin heç birində belə addım atılmayıb, yəni, müxtəlif dövrlərdə təqaüdə çıxmış insanların aldığı məbləğ arasında yaranmış fərqi heç bir dövlət öz büdcə vəsaiti hesabına ödəməyib. Bu əslində, Azərbaycan Prezidentinin çox humanist siyasətinin bariz nümunəsidir və əhalinin sosial müdafiəsinin qorunmasının Azərbaycanda dövlətin strateji məsələsi, prioritet istiqamətli siyasəti olmasının əyani təsdiqidir. Bununla da, Azərbaycanda pensiyaların orta aylıq məbləği 150 manatadək yüksəldi. Belə ki, ölkədə orta aylıq əməkhaqqı ilə orta aylıq pensiyanın nisbəti 40 faizi üstələyib. Bununla da Azərbaycan dünya birliyində sosial dövlət statusunu bir az da möhkəmləndirdi. Başqa sözlə, bu işlərin görülməsində əsas məqsədlərdən biri kasıblığın aradan qaldırılması idi və bu istiqamətdə də ciddi addım atıldı".
Bürokratik əngəlləri, rüşvəti aradan
qaldıran üsul
Musa Quliyev pensiya-sığorta sisteminin Azərbaycanda təkmilləşdirilməsi ilə bağlı xüsusi bir dövlət proqramı da qəbul olunduğunu da xatırladır: "Bu, ölkə Prezidentinin 2008 -ci ilin 30 dekabrında imzaladığı sərəncamı ilə təsdiq edilən 2009-2015-ci illərdə Azərbaycanda sığorta pensiya sisteminin inkişafına dair dövlət proqramıdır. Azərbaycanda sosial siyasətin, xüsusilə də, sosial müdafiə məsələlərinin dövlət siyasəti səviyyəsinə qaldırılması və dövlətin daxili siyasətinin prioritetlərindən birinə çevrilməsi ölkəmizin dövlət büdcəsində də hər zaman öz əksini tapıb. Son illərdə dövlət büdcə xərclərinin adətən 1/3-dən az olmayaraq sosial müdafiəyə ayrılması bir daha göstərir ki, Azərbaycan dövləti və Prezidenti sosial yönümlü siyasət aparır. Prezidentimizin əsas hədəflərindən biri Azərbaycanı varlı ölkəyə çevirmək, əhalimizi inkişaf etmiş, sosial-rifah içində yaşayan bir xalqa çevirməkdir. Biz buna da 20 il ərzində addım-addım gələrək nail olmuşuq və böyük nailiyyətlər əldə etmişik. Xüsusilə əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinin - pensiyaçıların, məşğulluğu təmin olunmayan insanların, büdcədən maliyyələşən təşkilatlarda çalışanların, müəllimlərin və həkimlərin əməkhaqlarının mütəmadi olaraq artırılır və bu proses davamlıdır".
Musa Quliyev Azərbaycanda pensiyaların plastik kartlarla alınmasının da ciddi uğur olduğunu söyləyir. Onun sözlərinə görə, bu, pensiya alınmasında bürokratik əngəllərin, rüşvətin tamamilə aradan qaldırılmasına səbəb olub: "Artıq 5 ildən çoxdur ki, Azərbaycanda pensiyaların ödənilməsinin 99 faizi plastik kartlar vasitəsilə həyata keçirilir ki, bu da ödəmələrdə şəffaflığın təmin olunmasında böyük rol oynayır. Aparılan islahatlar nəticəsində pensiyaların ödənilməsində və təminatında, o cümlədən pensiyaların məbləğində çox böyük uğurlar əldə olundu. 1990-cı illərdə pensiyalar aylarla gecikirdi, bu gün 1 gün belə gecikmə halı yoxdur. Əvvəllər heç kim nə qədər pensiya alacağını bilmirdi. İndi istənilən şəxs kompüter qarşısında əyləşib, indiki maaşı və iş stajı ilə nə qədər pensiya alacağını hesablaya bilər. Görülən işlərin nəticəsi olaraq pensiyaların ödənilməsində şəffaflıq, ünvanlılıq təmin olunub, hər kəsin pensiyasını özünün hesablayacağı bir baza sistemi yaranıb. Gələcəkdə özəl pensiya fondları da yaranacaq. Yəni vətəndaş sərbəst seçim edə biləcək".
DSMF-in əməyi
Sosial siyasət komitəsinin sədr müavini deyir ki, DSMF ötən dövr ərzində üzərinə düşən işin öhdəsindən uğurla gəlməyi bacarıb: "Yuxarıda sadaladığım qanunlar DSMF-in mütəxəssisləri tərəfindən hazırlanıb, Sosial siyasət komitəsində birgə onlarla birgə qanunlar üzərində çalışıb parlamentin müzakirəsinə təqdim etmişik. DSMF-in apardığı islahatların uğurundan danışarkən təkcə onu demək kifayətdir ki, hazırda bir çox aparıcı dövlətlər bizim təcrübəmizi öyrənməyə çalışırlar. DSMF-in apardığı struktur, konseptula islahatlar bir sıra ölkələr tərəfindən model təcrübə kimi öyrənilir. Onu da etiraf etmək lazımdır ki, DSMF-də iş əməkdaşların peşəkarlığı, əliəyrililiyin olmaması baxımından digər dövlət qurumlarından daha yaxşı qurulub. DSMF-də elektron idarəetmə də uğurla tətbiq olunur".
Bəs DSMF-in gələcək fəaliyyəti necə qurulmalıdır? Bu gün bu sahədə həllini gözləyən hansı aktual problemlər qalır?
Musa Quliyev bildirir ki, gələcəkdə DSMF-in büdcəsinin formalaşmasında büdcə transfertlərinin rolunun azalmasına, büdcənin əsasən sığorta haqlarının yığılması sayəsində formalaşdırılmasına nail olmaq lazımdır: "Yəni işçilərin hamısı qeydiyyata düşməli, yayınma halları aradan qalxmalıdır. Digər tərəfdən, pensiyaların baza səviyyəsinin artırılması üçün mənbələr tapılmalıdır, hazırda pensiyaçıların əksəriyyəti minimum səviyyədə pensiya alır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, DSMF düzgün istiqamətdə islahatlar aparır: "Bu gün Azərbaycanda əsas problem odur ki, 1 pensiyaçıya 1 işçi düşür. Həm də qeyri-formal əmək bazarı yüksək səviyyədədir. Bu səbəbdən jə DSMF pensiya islahatlarını tam həyata keçirə bilmir. Ancaq bir daha deyirəm ki, DSMF-in qarşısına qoyduğu məqsədlər düzgündür..."
Sonda statistik
göstəricilərə
diqqət yetirək.
Bu ilin yanvar-avqust aylarında DSMF-in gəlirləri 1624,6 mln. manat təşkil edib. Bu, 2011-ci ilin müvafiq dövrünə nisbətən 287,1 mln. manat və ya 21,5 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 117,4 mln. manat artaraq 891,9 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 60,2 faizi və ya 536,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 18,0 faiz və ya 81,9 mln. manat artıb, proqnoz isə 109,2 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin ilk 8 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 14,2 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 26,5 faiz artıb. Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,3% icra olunub. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib...
Ramiz Mikayıloğlu
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12