Xəbər verdiyimiz kimi, iyunun 2-də Almaniya parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını "soyqırım" kimi tanıyan qətnaməni qəbul edib.
Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seybert Türkiyənin verdiyi reaksiyaya cavab verib.
Seybert Almaniyanın Türkiyə ilə mühacir krizi də daxil olmaqla dərin əməkdaşlığı olduğunu xatırladıb: "Belə möhkəm əlaqələrlə istənilən gərginliyi həll etmək olar. Almaniyada 3 milyon türk yaşayır və Merkel onlara həmişə Almaniyanın bir parçası olacaqlarını söyləyir".
Steffen Seybertin sözlərinə görə, Almaniya Türkiyə ilə Ermənistan arasında siyasi dialoqun və siyasi əlaqələrin olması üçün səy göstərir: "Keçmişdə Türkiyə tərəfinin bu mövzu ilə bağlı bəzi cəhdləri olub. Yenə də tərəfləri cəhdlərini artırmağa səsləyirik. Məsələn, Türkiyənin nümunə göstərdiyi bir tarixi komissiyanın qurulması kimi.Biz bunu bizə açıq olan bütün üsullarla hər zaman gündəmə gətirməyə çalışacağıq".