Masallıda evindən oğurluq edildiyini iddia edən şəxs ifşa olunub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu il mayın 16-da Masallı şəhər Qarabağ küçəsində yaşayan 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyalarının və 5 min manat pulun oğurlandığını bildirib.
Polisin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğun ev sahibinin köməyi ilə həyata keçirildiyi müəyyənləşib.
Şübhəli şəxs qismində ev sahibinin dostu 48 yaşlı Əli Baratxan oğlu Şahbazov saxlanılıb. İstintaqın gedişində hər iki şəxsin əlbir olaraq bu hadisəni törətdikləri, İsmət Şükürovun mənzilinin açarını Əliyə verdiyi təsdiqini tapıb.
Məllum olub ki, ailəli və iki övlad sahibi olan İ.Şükürov mayın 16-da ailəsi ilə birgə toy mərasimində iştirak edib. Oğurluq hadisəsi də ailə toyda olan vaxt törədilib.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.