Bakı-Şamaxı yolunda sürüşmə baş verib.
Unikal.org anspress-ə istinadən məlumatına görə, sürüşmə Acıdərə adlanan ərazidə qeydə alınıb. Yolun sıradan çıxmasına, bəzi yerlərdə iri çatların yaranmasına səbəb isə son iki gündə yağan leysan yağışları olub.
Sürücülər həmin istiqamətdə hərəkətin çətin və təhlükəli olduğunu qeyd edirlər.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında ümumiyyətlə, həmin istiqamətdə yolun 91-107-ci km-nin aktiv sürüşmə zonası hesab olunduğunu deyib. O, adıçəkilən istiqamətdə sürüşmənin tez-tez olduğunu bildirib.
"İntensiv yağışlar nəticəsində yolun 107-ci km-də torpaq qatı yola doğru hərəkət edərək yol kənarına tökülüb. Artıq ötən gündən həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olunub. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb. Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə sürüşmə müşahidə olunmur".
A.Nəcəfli əlavə edib ki, Bakı-Şamaxı yolunun 91-107-ci km-də bir neçə yerdə sürüşmə zonası var. Onların yenidən qurulması üçün həmin hissə tenderə çıxarılıb. Qeyd olunan ərazi də gələcəkdə genişləndiriləcək, 2 hərəkət yolundan 4 hərəkət yoluna keçiləcək.