"Azərbaycanda su təsərrüfatının yaxşılaşdırılması əsas vəzifələrdən biridir". 
Unikal.org report-a istinadən xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında deyib. 
Onun sözlərinə görə, Salyan-Sabirabad zonasında 28 min hektar ərazidə yeni suvarılan torpaqlar dövriyyəyə daxil ediləcək: "Bu torpaqlar yeni qış otlaq sahələrinin hesabına reallaşdırılacaq. Bu layihə həmin zona üçün işlənib hazırlanıb. Yaxın günlərdə layihənin icrasına başlanacaq".
 
Cəmiyyət sədri bildirib ki, Azərbaycanın vahid torpaq fondunun təxminən 4 mln. 600 min hektarı kənd təsərrüfatına yararlı torpaq hesab olunur:"Bu torpaqlardan 430 min hektarı suvarılır: "Qalan hissəsinin suvarılması isə həyata keçirilmir. Suvarılmayan hissələrdə su ehtiyatları Azərbaycanda suvarılan torpaq sahələrinin həcmini 1 mln. 800 min ha çatdırmağa imkan verir. Bu istiqamətdə layihələr icra edilir, amma bunlar üçün müəyyən vaxt və sərmayə lazımdır". 
 
Əhməd Əhmədzadə onu da deyib ki, Azərbaycanda kiçik pay torpaqlarına sahib olan şəxslər məhsuldarlığın artırılması və məhsulun yetişdirilməsi zamanı üzləşdikləri problemlərin öhdəsindən gəlmələri üçün birgə təsərrüfat yaratmalıdırlar". 

Onun sözlərinə görə, rayonlarda kənd sakinləri müxtəlif həcmdə 3-5 hektar pay torpaqlarına malikdirlər: "Kimi pambıq, kimi isə tərəvəz əkir, lakin hər biri onun yetişdirilməsində əziyyət çəkir. Ona görə də kəndlilər birləşməli və becərmə zamanı problem yaranmaması üçün eyni məhsulu yetişdirməlidirlər". 

Ə.Əhmədzadə məsələnin digər həlli üsulu kimi isə əlavə suvarılan torpaqların əkinçilik dövriyyəsinə daxil olunmasını təklif edib: "Bu torpaqların hesabına yeni texnologiyaya əsaslanmış təsərrüfatlar yarada bilərik. Hazırda bu proses həyata keçirilir. Məsələn, İmişli, Saatlı, Ağcabədidə belə təsərrüfatlar mövcuddur".