Rusiyada bir qadın ilk dəfə 60 yaşında ana olub.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qadın süni mayalanma yolu ilə hamilə qalıb. 34 həftəlik körpəsini isə qeysəriyyə yolu ilə dünyaya gətirib. Doğuş həkiminin sözlərinə görə, uşağın çəkisi 2, 32 kiloqram təşkil edib. O, oğlan uşağıdır.
"Körpə ana südü ilə qidalanır. Hazırda həm ana, həm də balaca özlərini yaxşı hiss edirlər. Ananın sözlərinə görə, onun hamiləliyi rahat keçib. Onun nə toksikozu, nə şişi olmayıb, yeganə narahat edən son dörd həftədə təzyiqi olub", - deyə 29 nömrəli şəhər klinik xəstəxanasının doğuş şöbəsinin baş həkimi Yelena Tryetyakova bildirib.
Rusiyada bənzər hadisə ötən ilin fevralında da olub. Belə ki, 60 yaşlı Qalina və 52 yaşlı Alekseyin bir qız övladı dünyaya gəlib. Uşaq 49 sm və 2 kiloqram 800 qram çəkidə doğulub.
Həkimlərin sözlərinə görə, ola bilsin ki, Kleopatra Rusiyada ən gec doğulan və ən çox arzuolunan övlad olub. Qadının hansı yolla hamilə qalması haqqında danışılmasa da, həkimlər onun süni mayalanma üsulundan istifadə etdiyini güman edirlər.
Qeyd edək ki, 60 yaşlı Qalinanın 10 il əvvəl 29 yaşında oğlu ölüb. Buna görə yaşlı qadın təhlükəli də olsa, uşaq dünyaya gətirməyə razı olub. Həyat yoldaşı 52 yaşlı Alekseyin isə 27 yaşında qızı var.