"Məhəmməd Əlinin ölüm xəbərini bu səhər televiziya kanallarının birində eşitdim. Əfsuslar ki, belə oldu. Onun ölümü xəbəri mənə çox pis təsir etdi".
Unikal.org xəbər verir ki, bunu Report-a açıqlamasında Ümumdünya Boks Təşkilatının WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi Əli İsmayılov deyib.
O, Məhəmməd Əli ilə görüşündən danışıb:
"Mən 1974-cü ildə anadan olmuşam və həmin il Əlinin karyerasının pik nöqtəsi sayılır. Valideynlərim onun şərəfinə adımı Əli qoyub. Məhəmməd Əli ilə iki görüşüm olub. Biri ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilmiş dünya çempionatında, digəri isə 2000-ci ildə Sidneydə keçirilmiş olimpiadada. Hyustonda öz xalatını mənə hədiyyə vermişdi. Dedi ki, bu xalat sənə uğur gətirəcək. Məhəmməd Əli mənim kumirim olub".
42 yaşlı Ə.İsmayılov Məhəmməd Əlinin şərəfinə öz oğlunun adını Məhəmməd Əli qoyduğunu söyləyib:
"Oğlum olanda ona zəng elədim və dedim ki, oğlum olub, adını da Məhəmməd Əli qoymuşam. Bunu eşidəndə çox şad oldu. Onun mənə bağışladığı xalatı oğluma verəcəyəm. Onun uğur qazanması, Məhəmməd Əli kimi boksçu olması üçün əlimdən gələni edəcəyəm. İndi oğlumun şəxsi məşqçisi özüməm. Balaca Əli 6 ildir boksla məşğul olur və uğur qazanır. İnşallah, o, da XXI əsrin Məhəmməd Əlisi olacaq".
Azərbaycanlı əlcək ustası hesab edir ki, M.Əli kimi insanlar, əfsanələr dünyaya yüz ildə bir dəfə gəlir: "Onlar bütün insanlara nümunə olur".
Qeyd edək ki, əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında vəfat edib.