Səfər Əbiyev üçün oktyabrdan arzuolunmaz başlanğıc
12:49 20-09-2012
CƏMİYYƏT
Səfər Əbiyev üçün oktyabrdan arzuolunmaz başlanğıc
Azərbaycan ordusundakı korrupsiya NATO-nu da hərəkətə gətirdi
Oktyabr ayının sonlarında Azərbaycanda NATO-nun təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Bu barədə milaz.info portalına "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu tədbir öz formatına və orada iştirak edəcək şəxslərə görə ölkə ərazisində keçiriləcək ilk belə tədbirdir.
Verilən məlumatlarda bildirilir ki, tədbirdə NATO ölkələrini, alyansın özünü, tərəfdaş ölkələri və Azərbaycanı təmsil edən yüksək vəzifəli şəxslər iştirak edəcəklər. Tədbirdə Azərbaycanda, xüsusilə təhlükəsizlik və müdafiə sektorunda islahatların vəziyyəti, bu prosesə mane olan məqamlar, xüsusilə də korrupsiya hallarının aradan qaldırılması istiqamətində NATO-nun Azərbaycana verə biləcəyi dəstək müzakirə obyekti olacaq. Eyni zamanda iştirakçılara NATO-nun Orta və Şərqi Avropa dövlətlərinin təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və cinayətkarlıq əleyhinə mübarizə proqramı barədə məlumat veriləcək və Azərbaycanın gələcəkdə bu proqrama qoşulmasının perspektivləri diqqət mərkəzində olacaq.
Bir sıra ekspertlərin sözlərinə görə, bu, faktiki olaraq Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə prosesində yeni mərhələnin başlanğıcı kimi qəbul edilə bilər. "Bu gün təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizənin ən təsirli vasitələrindən biri kimi NATO mexanizmi hesab olunur. Ekspertlər hesab edirlər ki, NATO-nun Orta və Şərqi Avropa dövlətlərinin təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və cinayətkarlıq əleyhinə mübarizə proqramı təhlükəsizlik və müdafiə sektoru üzrə büdcə planlaşdırması, şəffaflıq məsələsi, anti-korrupsiya tədbirlərini nəzərdə tutur və Azərbaycanın bu proqrama qoşulmağa razılıq verməsi yalnız pozitiv nəticələr ortaya çıxarar.
Məlumat üçün bildirək ki, bu gün NATO-ya üzv ölkələrdə, xüsusilə də yeni üzvlərdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Bu prosesdə alyansın 65 milli eksperti yaxından iştirak edir. Alyans dairələrində hesab edirlər ki, müdafiə və təhlükəsizlik sektorunda tenderlərin hesabatlı və şəffaf hazırlanması zəruridir. NATO ekspertləri hesab edirlər ki, əgər Azərbaycan tərəfi razılıq versə, onda alyans tərəfindən ilkin mərhələdə müdafiə və təhlükəsizlik sektorunda korrupsiyaya qarşı mübarizə üzrə qiymətləndirmə prosesi keçiriləcək. Bu qiymətləndirmədə islahatlar, büdcə sistemi, vətəndaş cəmiyyəti ilə münasibətlərə dair suallara cavab axtarılacaq. İlk dövrdə Azərbaycan tərəfinin bu suallara cavab verməsi xahiş ediləcək. Bunun ardınca isə alyans 3-4 nəfərdən ibarət ekspert qrupunu Azərbaycana ezam edəcək, onlar ordudakı şəffaflıqla bağlı vəziyyəti yoxlayıb nəticələri, təklif və tövsiyələri təqdim edəcəklər. Daha sonra praktiki yardım da göstəriləcək. Bunun üçün NATO tərəfindən Azərbaycanda milli trenerləri hazırlaşdırmaq üçün kiçik təlim qrupu da göndərilə bilər.
Araşdırmalar göstərir ki, əgər rəsmi Bakı razılıq versə, onda alyansla Azərbaycan arasında təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə üzrə xüsusi proqram da yaradıla bilər. Bununla da Azərbaycan Cənubi Qafqazda NATO ilə bu sayaq əməkdaşlığı quracaq ilk ölkə ola bilər.
Doğurdan da bu gün Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda korrupsiyanın aradan qalxması milli təhlükəsizlik maraqlarımız üçün çox vacibdir. Hesab edilir ki, bu istiqamətdə beynəlxalq təşkilatlarla yanaşı yerli vətəndaş cəmiyyəti təmsilçiləri - KİV və QHT-lərlə də əməkdaşlıq gücləndirilməlidir. İstər hərbi xidmətə çağırışın təşkilində, istər tenderlərin keçirilməsində, istərsə də büdcə planlaşdırılmasının bəzi səviyyələrində QHT və KİV nəzarətedici rola malik ola bilərlər. Bu prosesdə parlamentin səlahiyyətlərinin də artırılması vacibdir.
Bir sözlə, Azərbaycan ordusundakı korrupsiya o həddə çatıb ki, artıq NATO da hərəkətə keçmək ehtiyacı hiss edib. Bu da ordudakı korrupsiyaya görə bir nömrəli hədəf olan Səfər Əbiyev üçün oktyabrdan xoşagəlməz bir başlanğıcın əsasının qoyula biləcəyini söyləməyə əsas verir.
Hər nə qədər də olsa, Əbiyevin və onun nazirliyinin fəaliyyəti birilərinin Azərbaycan ordusunu korrupsiyasız təsəvvür etmədikləri anlamına gəlir. Belə olmasaydı, elə onların özləri Silahlı Qüvvələrdə mənimsəmə və maxinasiyalara qarşı təsirli tədbir görərdilər, daha heç NATO-nun məsələyə əl atmasına da ehtiyac qalmazdı.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55