Ordular hərəkətə gəldi...
13:13 21-09-2012
CƏMİYYƏT
Ordular hərəkətə gəldi...
Rusiya və İranın ardınca İsrail və Azərbaycan orduları da hərbi təlimlərə başladı
Rusiya ordusunun "Qafqaz" adlı hərbi təlimlərə başladığlı oxucuya KİV-dən yaxşı məlumdur. Politoloqlar bu təlimləri birmənalı şəkildə Rusiyanın güc nümayiş etdirmək cəhdi kimi dəyərləndirir və bildirirlər ki, Şimali və Cənubi Qafqazlarda yaranmış vəziyyət Rusiyanı narahat etməyə başlayıb və o məcburdur ki, bu bölgələrdə daha ciddi problem yaranarsa, yerli əhali ilə hansı dildə danışacağını bir daha sərgiləsin.
Politoloqlar Rusiyanın hərbi təlimlərinin həm də İran ətrafında yaranmış gərginliklə əlaqələndirirlər.
Məlum olduğu kimi, İranın nüvə proqramından inadla əl çəkməməsi istər-istəməz bu ölkəyə ABŞ-la İsrailin hərbi müdaxilə variantlarını gündəmə gətirəcək.
Rusiyanın sözügedən addımı isə ondan xəbər verir ki, artıq İrana hərbi müdaxilə gündəmdədir. Proseslərə birbaşa qarışa bilməyəcəyini başa düşən rus generaliteti başda prezident Putin olmaqla , heç olmasa, əzələ nümayiş etdirməyə başlayıb.
Digər bir xəbərə görə, bu günlərdə İsrail ordusu da son illərin ən genişmiqyaslı quru təlimlərini keçirib. Colan yüksəkliyində keçirilən təlimlərdə İsrail silahlı qüvvələrinin bir sıra bölmələrinin müdafiə qabiliyyəti və hazırlıq səviyyəsi sınaqdan çıxarılıb.
İsrail ordusunun general-polkovniki Benni Qants ölkənin şimal və mərkəzində keçirilən təlimləri "gündəlik yoxlamanın bir hissəsi" adlandırıb və ölkənin təhlükəsizlik səviyyəsində heç bir dəyişikliyə işarə etmədiyini bildirib.
Quru təlimlərində on minlərlə əsgər, o cümlədən artilleriya və hərbi-hava qüvvələri personalı iştirak edib. Təlimin tərkib hissəsi olaraq, əsgərlər ölkənin mərkəzi hissəsindən təyyarə ilə Colan yüksəkliyinə aparılıb. Qeyd edək ki, Colan yüksəkliyi 1967-ci il Yaxın Şərq müharibəsində Suriyadan alınaraq, İsrailin nəzarəti altına keçib.
Və daha ilginc bir xəbər. Dünən yayılmış məlumatlara görə, Azərbaycan Ordusu da genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Təlimlər müdafiə naziri Səfər Əbiyevin komandanlığı altında keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Məlumatlardan da göründüyü kimi, Yaxın Şərqin indiki mərhələdə əsas oyunçuları öz ordularını hərəkətə gətiriblər və bu hərəkətlənmə bölgə üçün yaxşı heç nə vəd etmir...
Fikrimizcə, Azərbaycan bu hərbi təlimlərlə Ramil Səfərovun əfv edilməsindən sonra ikinci qəti jest ortalığa qoyur: "Bölgədə hərbi qarşıdurma başlasa, biz bu oyunda mülayim tamaşaçı rolunu oynamaq fikrində deyilik və bizim də maraqlarımız ödənilməlidir".
Təbii ki, maraqlar birinci növbədə Dağlıq Qarabağı, ikinci növbədə isə ... Təbrizi ifadə edir.
Necə deyərlər, oyunçu aparsın və Uca Yaradan bizə yar olsun!
Və bu, Düzgün Addımdır... Düzgün Mesajdır...
Hərbi ekspert Üzeyir Cəfərlinin sözlərinə görə, "İran məsələsi gündəmdən heç zaman çıxmasa da, yaxın zamanlarda bu ölkəyə hərbi müdaxilə olacağı gümanına şərik çıxmıram. Çünki hamı bilir ki, İsrail təkbaşına İranın öhdəsindən gələ bilməz. İran hansısa ərəb ölkəsi deyil ki, İsrail onu bir həftənin içində diz çökdürə. Son illərdə İranın hərbi sənayesi kifayət qədər inkişaf edib və artıq güclü silahlar istehsal edir. Ona görə də oyuna ilk növbədə Birləşmiş Ştatların qatılması zəruridir".
Ekspertin fikrincə, "Rusiyanın hərbi təlimlərindən Azərbaycan və Gürcüstan üçün hansısa təhlükələrin qaynaqlanacağını düşünmürəm. Azərbaycanın addımı isə Rusiyaya cavabdır. Çünki ilk dəfədir ki, Rusiya Qafqaz regionunda bu cür irimiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə, demək olar ki, şimal qonşumuzun bütün güc strukturları iştirak edir. Yeri gəlmişkən, Rusiyanın bu aksiyası Qərbi Avropanı, o cümlədən NATO-nu da narahat edib. Amma düşünmürəm ki, Rusiyanın bu təlimləri Azərbaycan və yaxud Gürcüstan üçün ciddi təhdidlərlə nəticələnə bilər. Çünki ötən illər ərzində Azərbaycan Ordusu kifayət qədər güclənib. Gürcüstandakı situasiya da 2008-ci ildəki durumdan xeyli fərqlidir. Rusiya, sadəcə, bölgə dövlətləri qarşısında əzələ nümayiş etdirməklə məşğuldur. Tarixdən bu da məlumdur ki, hər əzələ nümayiş etdirən qalib çələngini qazana bilmir".
Hərbi ekspertin sözlərinə görə, "Azərbaycan ordusunun hərbi təlimlərə başlamasını doğru addım kimi dəyərləndirmək lazımdır. Sadəcə, onu arzulayardım ki, bu təlimlərdə KİV və ictimaiyyət nümayəndələrinin müşahidə etmə imkanları təmin ediləydi. Bu zaman bu təlimlərin effekti daha güclü olardı".
Savalan
Digər Xəbərlər
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25