AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə müsahibə verib.
Unikal.org həmin müsahibəni təqdim edir:
- İclasda nələr müzakirə olundu?
- Bildiyiniz kimi əsas məsələ lisenziya idi. Klublarımız lisenziya almaq üçün çalışır. Birinci divizionun heç bir təmsilçisi lisenziya tələblərini yerinə yetirə bilməyiblər. Cəmi 8 klub bunun öhdəsindən gəlib. Digərləri həvəskar səviyyədədirlər. Müzakirələr oldu. Premyer Liqada neçə komanda qalması barədə danışdıq. Birinci divizion da müzakirə olundu. Belə düşündük ki, AFFA Lisenziya Komitəsi və PFL birlikdə işləyəcklər. Klublar üçün vaxt ayrılacaq. Müzakirələr gedəcək. Bir həftə sonra yenidən toplanacağıq və hər şeyə yenidən baxılacaq. Onda qərar qəbul edəcəyik ki, kimlər Premyer Liqada mübarizə aparacaq. O da klubların lisenziya tələblərini yerinə yetirilib-yetirilməməsindən asılı olacaq. Hamılıqla idman prinspilərini üstün tutduq. Birinci divizionda 1-ci və 2-ci yeri tutan komandalar Premyer Liqaya gəlməlidir. Premyer Liqada sonuncu 2 yeri tutanlar isə aşağı getməlidir. Problem ondandır ki, 8 klubdan başqa heç kim lisenziya ala bilmir. UEFA və FİFA-nın tələbləri odur ki, lisenziya ala bilməyən, maliyyə dəstəyi olmayan klub heç birinci divizionda da oynamamalıdır. Bizim ixtiyarımız yoxdur. "Rəvan"ı ötən il istisna hal kimi buraxdıq. Amma indi onların xalları silinə-silinə gedir. Bir də belə gülünc vəziyyətə düşmək istəmirik.
- Əgər 8 komandadan başqa lisenziya alan olmasa, çempionat elə bu komandaların 4 dövrəli sistemi ilə davam edəcək?
- Bəli. 10 klubla da 4 dövrəli oyunlar keçirdik, 8 komanda ilə də belə olacaq. Gələn il bilirsiniz ki, vaxtımız azdır. İslam Oyunlarına görə çempionat qısa keçiriləcək. Mayın ortasından çempionatı dayandıracağıq. 8 komanda ilə problem olmayacaq. Digər klublara da kömək edəcəyik. AFFA kimi istəmirik ki, qaydaları pozaq. Birinci diviziondan 2 komanda Premyer Liqaya gələcək. Lisenziya almadan heç bir komandaya güzəşt edilməyəcək. Bütün klublardan şəffaflıq tələb edəcəyik. UEFA istənilən vaxt bizə sanksiya tələb edə bilər.
- 8 komanda olması rəqabətə təsir edəcək?
- Əlbəttə. Mütləq təsir edəcək.
- Birinci divizionda vəziyyət necə olacaq?
- Birinci divizion üçün də bütün qaydalar qüvvəsində olacaq. Həvəskar komandalar ordan çıxarılacaq. Ən azından komandalar AFFA səviyyəsində sənədlərini qaydasına salmalıdır.
- "Xəzər Lənkəran" fəaliyyətini dayandırdı. "Bakı" da aşağı diviziondadır. Amma bu iki komandanın yaxşı bazası var. AFFA olaraq bu stadionların əldən çıxmaması üçün nə edəcəksiz?
- Hər iki klubun FİFA qarşısında borcları çox böyükdür. Onlar oynasalar da, komandanın xalları silinəcək. "Bakı"nın artıq -15 xalı var. Hər iki klubla danışıq aparırıq ki, onların infrastruktuların futbola cəlb edək. İnanmıram ki, bu iki klub gələcəkdə nəsə inkişaf etsin, düzəlsin. Borclar verilməyənə qədər heç nə mümkün deyil.