Azərbaycanda ilk dəfə keçiriləcək "Formula-1" yarışları ilə bağlı Bakının bir neçə mərkəzi küçəsi "ayın 10-dan da bağlana bilər", Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov BBC Azərbaycancaya deyib.
BBC müxbirinin müşahidələrinə görə, mərkəzi küçələrdən biri olan Neftçilər prospektində artıq maşınların hərəkəti seyrəkləşib.
Avropa Grand Prix yarışı ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə iyunun 14-ü gecə saat 01:00-dan iyunun 21-i səhər saat 06:00-a qədər nəqliyyatın hərəkəti dayandırılacaq, F1 yarışlarının Bakıda təşkilatçısı olan Baku City Circuit-in saytında deyilir.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər və onun ətrafındakı digər ərazilər, ikinci zonaya Azadlıq meydanı və yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini əhatə edir.
1 və 2-ci zonalara giriş gecə saat 24:00-dan səhər 6:00-a qədər icazə veriləcək. 3 cü zonada isə maşınların hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq bnişanlara malik maşınlar istənilən saatda zonaya daxil ola biləcəklər.
Xüsusi nişanlar
Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq.
1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunur.
Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.
Şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər. 1-ci zonada yaşayan və müvafiq nişana sahib sakinlər Qış Parkında yerləşən yeraltı parklanma sahəsindən pulsuz şəkildə istifadə edə biləcəklər.
Piyada hərəkət
Sakinlərin hərəkəti isə "Formula-1" şəhərciyinin yerləşdiyi Dənizkənarı Park ərazisində, iyunun 15-i gecə saat 01:00-dan etibarən dayandırılacaq. Yalnız yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.
Əhaliyə qoyulan məhdudiyyət iyunun 20-i günorta saat 12:00-dan etibarən aradan qaldırılacaq.