"Türkiyədə terror aktlarının mütəmadi olaraq baş verməsinə səbəb güclü xarici dövlətlərin bu ölkəni dağıtmaq, partlatmaq, intiqam almaq istəyindən irəli gəlir".
Unikal.org bildirir ki, bu fikirləri AzVision.az-a politoloq Zərdüşt Əlizadə bu gün İstanbulda törədilən terror hadisəsi ilə bağlı şərhində deyib.
Politoloqun sözlərinə görə, xarici dövlətlərin dəstəyi ilə Türkiyədə terror aktlarının törədilməsinə əsas məqsəd Ərdoğan hakimiyyətin dəyişmək, Türkiyəni hansısa siyasi qüvvənin iradəsinə tabe etdirmək, maraqlarına xidmət edən şəxsin hakimiyyətə gətirilməsidir: "Bu məsələ xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Onlar Türkiyə daxilində satqın, xain və tamahkar ünsürləri taparaq maliyyələşdirir və terror qrupları yaradırlar".
Z.Əlizadənin fikrincə, xarici qüvvələr Türkiyəyə qarşı çox güclü işləyirlər: "Onlar ideoloji cəhətdən qondarma "erməni soyqırımı" və kürd kartından çox məharətlə istifadə edirlər. Bunu açıq deyirlər, gizlətmirlər. Rusiya telekanalları səhərdən axşama qədər erməni "siyasətbazları" bağırdıraq Türkiyəyə qarşı istifadə edirlər. İndi isə xarici qüvvələr kürd kartından Türkiyəyə qarşı istifadə etmək qərarına gəliblər. Hətta, Türkiyənin müttəfiqi olan ölkələr bundan yararlanmağa çalışırlar.
Bu gün PKK siyasi qüvvə baxımından xarici dövlətlərdən qidalanır. Vaxtilə bu mənbə SSRİ idisə, indi Qərbdir. İndi isə Rusiya yenidən PKK-nı dəstəkləməyə girişib. Bir sözlə, Türkiydəki terror hadisələrinin baş verməsində xarici qüvvələrin rolu çox böyükdür".
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində növbəti dəfə terror aktı törədilib. Partlayış zamanı 11 nəfər ölüb, 36-ı isə yaralanıb.