Son 2-3 il ərzində ölkəmizdə iri və xırdabuynuzlu heyvanların qiyməti təxminən 35-40 faiz aşağı düşüb.

Unikal.org EL TV-yə (Region TV) istinadən xəbər verir ki, Bərdə rayonu ərazisində fəaliyyət göstərən heyvan bazarındakı satıcılar deyirlər ki, hazırda diri çəkisi 30-35 kiloqram olan xırdabuynuzlu heyvan 60-70, 200-220 kiloqramlıq iribuynuzlu ətlik heyvan 450-500 manata satılır. Bu isə fermerin 1 kiloqram əti 3-4 manata satması deməkdir.

"Əziyyət çəkirik, amma bəhrəsin görə bilmirik. Biz töküb satırıq neynəyək. Dəyər-dəyməzinə satırıq", - deyə fermer Şakir Əmirov bildirib. Heyvanların qiyməti aşağı olsa da, bu hal pərakəndə ət satışında özünü göstərmir. İndi bazarlarda qoyun əti, əsasən, 7-8, mal əti 6 manat əlli qəpik - 7 manat aralığında satılır. Satıcılar hələlik ətin qiymətini aşağı salmasalar da, bunun baş verə biləcəyini deyirlər.

"Qoyun əti boldur, hər tərəfdə fermalar inkişaf eləyib hamının öz heyvanıdır, yaxşı saxlayır, boldur. Qoyun nə qədər desən var. Mal əti mövsümlə əlaqədar olaraq bundan sonra elə bilirəm düşər", - deyə satıcı Tanrıverdi Bayramov vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirirlər ki, ölkədə istehsal artdığından heyvanların satış qiyməti aşağı düşdüyü kimi, ət də ucuzlaşacaq. Hazırda respublikada 9 milyon baş xırdabuynuzlu, 2 milyon 500 min iribuynuzlu heyvan var. Bu sahədə baş verən inkişaf da ucuzlaşmanı labüd edir. "Ət istehsalının həcmi artırılır. Təbii ki, istehsalın həcmi artırsa, bu da qiymətlərə təsir edəcək", - deyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Murtuzəli Hacıyev bildirib.

Nazirlikdən onu da deyirlər ki, növbəti mərəhələlərdə ət emalı müəssiələrinin çoxaldılması nəzərdə tutulur. Azərbaycandan xaricə ət ixracı da planlaşdırılır. Bununla bağlı Avropa ölkələrinin və Qətər dövlətinin nümayəndələri ilə görüşlər keçirilir. Artıq Qətər dövləti respublikamızdan heyvan mənşəli məhsulların, xüsusilə də qoyun ətinin idxalında maraqlı olduğunu bildirib.