Bu gün Milli Məclisin Səhiyyə komitəsinin  iclası  keçirilib.
Milli Məclisin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, iclasda "Dərman  vasitələri  haqqında" qanunda  və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, ölkəmizdə son vaxtlar  dərman  vasitələrinin  keyfiyyətinin artırılması,  qiymətlərinin  tənzimlənməsi, dərman idxalı  sahəsində mövcud olan problemlərin  aradan  qaldırılması  sahəsində xeyli iş görülüb. Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürdüyünü, eyniadlı dərman vasitələrinin hər aptekdə fərqli qiymətə satıldığını bildirən Ə. Əmiraslanov son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatların bu preparatların qiymətlərini nəzərə çarpacaq dərəcədə nizama  saldığını vurğulayıb. Prezident İlham Əliyevin  xüsusi  tapşırığı ilə Tarif  Şurası  900  adda dərman preparatının qiymətini  stabil şəkildə  tənzimləyib: "Bu baxımdan "Dərman vasitələri haqqında" qanuna müəyyən dəyişikliklərin edilməsi zəruriləşib. Təklif  olunan dəyişikliklər  təsdiq  olunan qiymətlərə  nəzarəti  təmin etmək  və bu sahədə  məsuliyyəti  gücləndirmək məqsədi daşıyır".
 
Ə. Əmiraslanov İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edildiyini nəzərə çatdırıb.  İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı  həyata keçirilərsə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.
 
Müzakirələr zamanı millət  vəkilləri Musa  Quliyev, Kəmaləddin Qafarov, Qənirə  Paşayeva, Məlahət  İbrahimqızı, İlham Məmmədov, Sədaqət  Vəliyeva  hər  iki sənədlə  bağlı yeni təkliflərini  səsləndiriblər. Tarif Şurasının, Səhiyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri Səhiyyə Komitəsinin üzvlərini maraqlandıran  sualları cavablandırıblar.
  
Sonda hər iki qanun layihəsi müəyyən boşluqların aradan qaldırılması şərtilə Milli Məclisin plenar iclasına tövsiyə edilib.