ANS Ulviranı qovdu və üzr istədi
16:47 25-09-2012
CƏMİYYƏT
ANS Ulviranı qovdu və üzr istədi
"Verilişin yaradıcı heyəti tam tərkibdə işdən azad olunub, proqramın yayımı hələlik dayandırılıb"
ANS-də nə baş verdi? Hər şey sentyabr ayının 17-i və 18-ində ANS TV-nin "İkinci Həyat" verilişində baş verən gözlənilməz və xoşagəlməz hadisədən başladı.Belə ki, verilişin qonaqlarından bəziləri söz azadlığını "hər şeyə icazə olar" kimi anlayaraq özlərini Azərbaycan xalqının milli dəyərlərindən qat-qat aşağı səviyyədə apardılar və etik normalardan uzaq ifadələrə yol verdilər.
Bu faktları dərhal qeydə alan Milli Televiziya və Radio Şurası ANS TV-nin Baş direktoru Mir Şahin Ağayevi quruma dəvət etdi və ona rəsmi xəbərdarlığını çatdırdı. Prosesin ardını Mir Şahin Ağayev belə izah edib. "Mən dərhal təcili toplantı keçirdim və elan edilmiş xəbərdarlığı verilişin yaradıcı heyətinin və struktur rəhbərlərinin nəzərinə çatdırdım. Birbaşa efirdə baş vermiş bu hadisənin araşdırılması və səbəbkarların ciddi cəzalandırılması məqsədilə müvafiq tapşırıqlar verdim. Bu müşavirədə onu da qeyd etdim ki, bu hadisə təsadüfi olmaya da bilər. Hətta mümkündür ki, burada ANS TV-nin imicinə zərbə vurmaq istəyən qüvvələrin, rəqabəti qaydasız aparan kimlərinsə əli ola bilsin. Verilişin aparıcısı və prodüsserinə xəbərdarliq elan edildi və buna görə daha diqqətli olmağı tələb etdim".
ANS TV-nin sədri Mais Məmmədov problemin alt qatı barədə danışıb: "O zaman üçüncü qüvvələr versiyası üzərində o qədər də dayanmadıq. Amma görünür nahaq yerə. Çünki sentyabr ayınını 19-da rəsmi xəbərdarlıqdan cəmi bir neçə saat sonra "İkinci həyat" verilişində daha böyük fövqəladə hadisə baş verdi. Bu dəfə verilişin birbaşa efirinə telefonla qoşulan iştirakçı nalayiq tərzdə küçə söhbətini və etikadan kənar çıxan "Səni görüm yanasan, səni görüm badımcan... özünə!" cümləsini səsləndirdi. Baxmayaraq ki, burada, necə deyərlər, heç nə adı ilə çağrılmamışdı, amma artıq olan olmuşdu, efirə təxribat yol tapmışdı. Aparıcının müdaxiləsi və həmin şəxsə özünü ələ almaqla bağlı xəbərdarlığına baxmayaraq ANS-in tamaşaçıları təhqir olunmuşdu. Bu zaman biz bir neçə saat əvvəl keçirilən müşavirədə hadisənin 3-cü qüvvələr və ya Azərbaycan xalqının düşmənləri tərəfindən törədilə bilmə ehtimalı barədə deyilənləri xatırladıq".
Bu hadisələri şərh edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib: "Öz hərbi reportyor təcrübəmdən bilirdim ki, mərmi eyni yerə təkrar düşmür. Amma görünür düşürmüş. Fikrimcə, efirə ciddi şəkildə hazırlanaraq həyata keçirilmiş provakasiya yol tapıb. Mən bunu Azərbaycanın daxili və ya xarici düşmənlərinin etdiyi barədə uzun-uzadı müzakirə açmaq niyyətində deyiləm və ANS-in ölkədə və olkədən kənarda vətənpərvərlik missiyası apardığına görə maraqlı dairələr və özünü qolu zorlu hesab edən rəqiblər tərəfindən əvvəldən hazırlanmış provakasiyanın hədəfi olduğunu inkar etmək də istəmirəm. Amma 3 gün ərzində baş vermiş üç oxşar hadisə başqa cür düşünməyə, sadəcə, mane olur. Hörmətsiz insanlar anlamalıdırlar ki, onlar ANS-i yox, Azərbaycan xalqını təhqir edirlər. Və mən fürsətdən istifadə edərək bu provokasiyaya görə ANS-in çox milyonlu tamaşaçı auditoroyasından üzr istəyirəm. Görünür, Azərbaycanın və onun qabaqcıl şirkətlərinin inkişafını hələ uzun muddət düşmənlərimizin gözü götürməyəcək. Ona görə də, millət olaraq çox diqqətli olmalıyıq.
Məlumat vermək istəyirəm ki, baş vermiş hadisəyə görə ANS əməkdaşlarının da məsuliyyəti az deyil. Milli Televiziya və Radio Şurasınin xəbərdarlığından sonra onlar ciddi xəbərdarlıq almışdır, lakin təkrar olunan hadisəyə görə, verilişin yaradıcı heyəti tam tərkibdə işdən azad olunub, proqramın yayımı hələlik dayandırılıb. Onun formatını dəyişdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırığı verilib. Veriliş yeni yaradıcı heyətlə davam edəcək. ANS Beynalxalq TV Yayım Assosiyasiyasının üzvü olaraq, biz birinci növbədə ora, habele dünyanın müxtəlif ölkələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarındakı dostlarımıza, həmkarlarımıza müraciət etmişik ki, belə gözlənilməz faktların qarşısını almaq istiqamətində əldə etdikləri təcrübəni bizimlə bölüşsünlər. Nəticədə çox faydalı biliklərə malik olduq ki, onları da Milli Televiziya və Radio Şurası ilə bölüşmək fikrindəyik ki, belə hadisələr ölkəmizdə bir də təkrar olunmasın".
Sentyabrın 24-də Milli Televiziya və Radio Şurası isə növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan "İkinci həyat" verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.
Fuad
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49