Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüşdə “British Council” təşkilatının nümayəndəsi Nigar Baimova, Böyük Britaniyanın London South Bank universitetinin nümayəndələri Linsey Cole və Viren Lall, AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova və Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva da iştirak edib.
Görüş zamanı cənab Samr Şah AzMİU və British Council arasında artıq bir neçə ildir mövcud olan sıx əməkdaşlığın bu gün daha da gücləndiyini vurğulayıb. O, həmçinin AzMİU-nun Böyük Britaniya universitetləri ilə uğurlu əməkdaşlıq aparan nümunə universitet rolu oynadığını qeyd edib. Cənab Samr LSBU universiteti nümayəndələrinin Creative Spark proqramı çərçivəsində AzMİU-da apardığı təlimləri yüksək qiymətləndirib, bu təlimlərin davamlı olmasını arzulayıb.
AzMİU rektoru Böyük Britaniya universitetləri ilə uğurlu əməkdaşlıq aparmaqda kömək göstərdiyi üçün “British Council” təşkilatının Azərbaycan üzrə rəhbərinə və digər komanda üzvlərinə öz təşəkkürünü bildirib. Rektor da “British Council” ilə həyata keçirilən layihələrin davamlı olmasını arzuladığını bildirib.
Bundan əlavə, LSBU universitetinin nümayəndəsi Malcolm Davidson da AzMİU rektoru Gülçöhrə Məmmədova ilə görüşdə olub. Görüş zamanı iki universitet arasında mövcud olan əməkdaşlığın daha geniş və müxtəlif istiqamətlərdə aparılması müzakirə olunub. Hər iki tərəf əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini vurğulayıblar.