Bakı Nəqliyyat Agentliyi (BNA) sabiq deputat, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qocanın ittihamlarına cavab verib.
Unikal.org xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev açıqlama yayıb.
O, sosial şəbəkədəki açıqlamasına “Çox xahiş edirəm oxuyun və özünüz qiymət verin. Avtobus dayanacağını zəbt edib maşını orada saxlamaq at oynatmaq deyil, bəs nədir?”, – deyərək, davam edib:
“04.03.2019 tarixində Xeyrəddin Qoca “Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə “at oynadırlar” kimi fikirlər yazaraq sosial şəbəkədə Agentliyin ünvanına şər və böhtan xarakterli ifadələr işlədib. Bununla yanaşı Xeyrəddin müəllim bəzi informasiya saytlarına da eyni məzmunda açıqlama verib.
Əslində nə baş verib. Demək Xeyrəddin müəllimin qızı idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 parlament prospektində 20 nömrəli məktəbin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində qeyri-qanuni olaraq park edib. 10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntelektual Nəzarət Sisteminin kameraları vasitəsi ilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib. Xeyrəddin müəllim isə qızının qayda pozuntusuna haqq qazandırmaq üçün başlayıb sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin ünvanına sərt və heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər bildirməyə.
Çox hörmətli Xeyrəddin müəllimin diqqətinə çatdırmaq istərdik ki, onun qızının və digər sürücülərin zəbt etdiyi dayanacaq məntəqəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı, avtobuslardan təhlükəsiz istifadəsi üçündür. Avtobus dayanacaq məntəqəsinin ərazisini zəbt etmək onlarla insanın tıxacda qalmasına səbəb olmaq, lüzumsuz yerə onlara əsəb və stres yaşatmaqdır”.