Nazirlər Kabineti Milli Məclisin deputatlarının sosial evlərin verilməsi ilə bağlı müəyyən edilmiş güzəştli kateqoriya siyahısına neftçilərin də daxil edilməsi təklifini məqsədəuyğun hesab etməyib.

Unikal.org-un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı güzəştli kateqoriya müəyyən edilərkən əsas amil olaraq aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Eyni zamanda güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi güzəştli ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılmasını zəruri edir. Belə ki, 2018-ci ildə güzəştli ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 50 milyon manat məbləğində vəsaitin ayrılmasına baxmayaraq, hazırda güzəştli ipoteka kreditlərindən faydalanmaq üçün 186 milyon manatdan artıq məbləğdə müraciətlər daxil olub.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, son statistik məlumatlara əsasən, xam neft və təbii qaz hasilatı üzrə muzdla işləyən işçilərin sayı 21 019 nəfər və mövcud işçilərin orta aylıq nominal əməkhaqqı 3 583,7 manat təşkil edir. Bu isə güzəştli kateqoriya siyahısına aid edilən digər şəxslərin orta gəlirliliyi ilə müqayisədə daha yuxarı göstəricidir. Belə olan halda, güzəştli kateqoriya siyahısına neftçilərin daxil edilməsi güzəştli ipoteka kreditlərindən istifadə imkanlarını daha da məhdudlaşdıracaq.

Qeyd olunanları nəzərə alınaraq, neftçilərin sosial evlərin verilməsi ilə bağlı müəyyənləşdirilmiş güzəştli kateqoriya siyahısına daxil edilməsi əlaqədar təklif məqsədəuyğun hesab edilməyib.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.