Qətər Universitetinin 94 tələbəsi bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Unikal.org xəbər verir ki, ABŞ, Əlcəzair, Fələstin, Qətər, Misir, İordaniya, İraq, Liviya, Səudiyyə, Somali, Sudan, Suriya, Yəmən və Tunis vətəndaşı olan tələbələrin universitetimizə qrup səfəri uğurla həyata keçirilib. Əcnəbi tələbələr AzMİU ilə tanışlığa Memarlıq fakültəsindən başlayıblar. Onlar əvvəlcə auditoriya və studiyaları gəziblər, tələbələrin işlərindən ibarət fotostendə baxıblar. Fakültənin Sərgi salonunda nümayiş olunan işlər də qətərli tələbələrin marağına səbəb olub. Sonra qonaqlar böyük Akt zalında AzMİU-ya həsr olunmuş videoçarxı izləyiblər.
Məlumat üçün qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı ölkəmizin Qətərdəki səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə ki, sözügedən proqramın 5.8.4-cü bəndinin (Xarici ölkələrin gəncləri arasında Azərbaycanla bağlı biliklərin artırılması və tədqiqatların aparılması üçün layihələrin həyata keçirilməsi) icrası ilə əlaqədar Qətər Universitetinin tələbə təşkilatı rəhbərliyi ilə görüş keçirilib və tələblərin qrup şəkilində ölkəmizə növbəti səfərlərinin təşkil olunması təklif olunub.
Bu proqram çərçivəsində ötən il Qətər Universitetinin tələbə təşkilatı ilə birgə ölkəmizə tələblərdən ibarət qrup şəklində səfər təşkil edilib və tələbələr ölkəmizin tarixi- memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış olublar. Ən yaxşı hal oldur ki, qətərli tələbələr ölkəmizlə bağlı xoş təəssüratlarını Qətər Universitetinin tələbə təşkilatı tərəfindən yaradılmış Youtube kanalında, eləcə də, Facebook, İnstaqram və digər bu kimi sosial şəbəkələrdə yayıblar.