Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbdə də olub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib.
“Məktəbin şagird- müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub, binaya baxış keçirib. Məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib” – deyə C.Valehov bildirib.
Qeyd edək ki, "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev Cənub bölgəsində səfərdə olan təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya məktəbin ümumi vəziyyəti ilə bağlı müraciət etmişdi. Jurnalist müraciətində ondan Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbinə də getməsini xahiş edib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da bölgəyə səfər edəcəyini və bu barədə nazir müavinini məlumatlandıracağını bildirib.
Daha sonra hər iki şəxs məktəbə baş çəkiblər, vəziyyətini öyrəniblər. Nazir müavini məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib.
Baş redaktor bununla bağlı feysbuk hesabında məlumat paylaşıb. Bildirib ki, Təhsil Nazirliyi problemə müsbət reaksiya verib: "Bu məni həddən ziyadə sevindirdi. Məqsədim təhsil sahəsində aparılan islahatlara kölgə salmaq deyildi. Mən də istəyirdim ki, dövlətin bu sahədə apardığı müsbət işlərdən böyük bir kəndin sakinləri də faydalansın”.