Artur Rəsizadənin Medvedyevdən öyrənməli olduğu məsələ
13:09 29-09-2012
CƏMİYYƏT
Artur Rəsizadənin Medvedyevdən öyrənməli olduğu məsələ
Azərbaycanın baş naziri plagiat elmi işlərə qarşı "Rusiya üsulu"nu seçə bilərmi?
Bir neçə gün əvvəl məlumat verildi ki, Rusiyanın Baş naziri Dmitry Medvedyev (Dmitri Medvedyev) plagiat elmi işlərin dərhal aşkar edilməsi üçün informasiya sistemi yaradılması tapşırığı verib. Baş nazirin istədiyi sistem yaransa, Rusiyada diplom işləri, elmlər namizədi və doktorluq işlərinin köçürülməsi çətinləşəcək. Yeni qaydalarda belə elmi araşdırmaların internetdə yerləşdirilməsi qaydaları da yenilənməlidir.
Hökumətin mətbuat xidmətindən yayılan məlumatda deyilir ki, Baş nazir ortaq informasiya sisteminin yaradılması işini Təhsil, Rabitə, Mədəniyyət nazirlərinə tapşırıb. Həmin nazirlər bu il dekabrın 15-ə qədər öz təkliflərini Baş nazirə verməlidirlər.
Keçən həftə Medvedyev diplom işlərini internetə yerləşdirməyi tapşırıb. Onun fikrincə, beləliklə, yeni yazılan diplom işlərinin başqalarından köçürülüb-köçürülmədiyini asanca yoxlamaq mümkün olacaq: "Hamının diplom işlərini internetdə yerləşdirmək zəruri olarsa, kimin-kimdən köçürdüyünə nəzarət etmək də asanlaşar. Belə olan halda, kimsə, hardansa nəyisə köçürəndə, sosial şəbəkələrdə dərhal müzakirələr gedər.
Beləliklə, həm müəllif hüquqları qorunar, həm də öz həmkarlarının gözünə dik baxmaqdan utanan, gələcək karyerasını təhlükə altına atmaq istəməyən adamlar elmi işlərini başqalarından köçürməzlər."
İtar-Tass agentliyi xəbər verir ki, Baş nazir Medvedyev özünün videobloqunda "Elektron ali attestasiya komissiyası" layihəsi haqqında danışıb. Bu layihədə elmi işlərin mətnlərinin kompleks analizindən söhbət gedir.
Medvedyev əlavə edir ki, öz layihəsini ekspertlər və tələbələrlə də müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, Azərbaycanda da oğurluq dissertasiyalar məsələsi çox aktualdır. Mətbuat bu barədə yazsa, ekspertlər həyəcan təbili çalsa da, hökumətin məsələyə ciddi, kökündən müdaxiləsi hiss olunmur. Bəs görəsən, Azərbaycanın baş naziri Artur Rəsizadə də rusiyalı həmkarı kimi, plagiat elmi işlərə qarşı mübarizədə qolunu sıvaya, ən azı Medvedyevin təklif etdiyi mübarizə yöntəminin ölkəmizdə də tətbiqinə çalışa bilərmi?
Bu mövzuda söhbətləşdiyimiz ekspert buna inanmır. "Artur Rəsizadənin baş nazir kimi heç bir məsələdə iradəsi hiss olunmur. O, postunda az qala formal fiqura çevrilib. Nazirlərə söz keçirməkdə çətinlik çəkir. Üstəlik, qalmaqallardan qaçır. Nəzərə alsaq ki, əksər müəmmalı, oğurluq elmi işləri müdafiə edənlər ya iri məmurlardır, ya da iri məmurların himayəsindəkilər, o zaman Rəsizadənin Medvedyevin təşəbbüsünü Azərbaycanda təkrarlayacağına inanmaq mümkün deyil" - deyə həmsöhbətimiz bildirib.
Azərbaycanda baş nazirin ümumiyyətlə, təşəbbüskarlığının olmamasından əziyyət çəkdiyini deyən eksprtin fikrincə, hər nə qədər Rəsizadənin plagiat elmi işlər məsələsinə əl qoyacağına inanmaq çətin olsa da, buna cəhd etmək lazımdır. "Həm elmi ictimaiyyət, həm də bütünlüklə cəmiyyət baş nazirə səslənməlidir ki, ölkə elminin plagiatlığa təslim edilməsinə təpkisini ortaya qoysun, Medvedyevdən dərs alsın. Heç olmasa, bununla Artur Rəsizadə görməlidir ki, bu məsələ toplumun diqqətindədir və ondan bu istiqamətdə hansısa təşəbbüslərdə, fəaliyyətlərdə bulunması istənilir" deyə ekspert əməkdaşımızla söhbətində fikirlərini tamamlayıb.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 12:47:00
2024-12-24 12:36:00
2024-12-24 12:35:42
2024-12-24 12:32:00
2024-12-24 12:20:00
2024-12-24 12:15:00
2024-12-24 11:57:08
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00
2024-12-24 08:55:44
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23