Nazirlik rəsmiləri Orxan Kərimovun "girovluğunda"
13:10 29-09-2012
CƏMİYYƏT
Nazirlik rəsmiləri Orxan Kərimovun "girovluğunda"
Təhsil Nazirliyinin bir neçə yüksək ranqlı məmuru məhkəməsi gedən sabiq müdir müavininə minnətçi düşüb
Rüşvət almaqda və qanunsuz tələbə köçürmələri həyata keçirməkdə ittiham olunaraq barəsində həbs-qəti imkan tədbiri seçilmiş, sonradan, daha dəqiqi- bu il iyunun 21-də isə səhhətindəki problemlər səbəbi ilə haqqındakı həbs-qəti imkanı tədbiri ləğv olunmuş Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov Təhsil Nazirliyinin bəzi rəsmi şəxslərinin qorxunc röyasına çevrilməkdədir. Bununla bağlı "Unikal"a məlumat verən mənbənin sözlərinə görə, Orxan Kərimov azadlığa çıxandan sonra Təhsil Nazirliyində çoxunun "kürkünə birə düşüb" və onlar artıq yüksək səviyyələrdə etimad qazanan Orxan Kərimovun məhkəmədə verə biləcəyi açıqlamalardan bərk əndişələniblər.
İnformasiya qaynağımızın sözlərinə görə, Təhsil Nazirliyindəki qruplaşma baş vermiş bütün çatışmazlıqları Orxan Kərimovun boynuna yükləməklə sudan quru çıxacaqlarını düşünürdülər. Amma prosesin sonrakı inkişaf periodunda bəlli oldu ki, artıq Orxan Kərimova qarşı düşünülmüş məkrli plan "bumeranq effekti" verir və onların özü demək olar ki, sabiq müdir müavinindən asılı vəziyyətə düşüblər. Belə ki, azadlığına qovuşduqdan sonra Orxan Kərimov bəzi yüksək vəzifəli şəxslərlə görüşərək əslində TN-də nələrin baş verdiyini və özünün suçsuzluğunu sübuta yetirməyə vaxt tapıb. Bundan sonra isə onun məhkəmə prosesində ciddi dönüş yaranıb və formal olaraq müqəssir kimi dindirilən Orxan Kərimov əslində TN-dəki düşmənləri üçün "prokurora" çevrilmişdir. Doğurdan da bu gün Orxan Kərimovun məhkəmədə səsləndirəcəyi hər hansı korrupsiya faktı və bu kimi halların başında əslində kimlərin dayandığını açıqlaması aranı əməlli-başlı qarışdıra bilər.
Bu baxımdan Orxan Kərimovun azadlığa buraxıldığı günün səhərisi verdiyi açıqlamaya diqqət yetirmək olduqca maraqlıdır: "Mənə qarşı irəli sürülən ittihamlar absurddur. Ən azı ona görə ki, mənim vəzifə səlahiyyətlərimə aid olmayan məsələ ilə bağlı rüşvət ittihamı irəli sürülüb, praktikada belə şey yoxdur. Güman edirəm ki, məhkəmənin gedişində bunlar hamısı aydınlaşacaq. Gözləmədiyim, bilmədiyim halda bu məsələlər birdən-birə başıma gəldi. Ən maraqlısı odur ki, bu işin içində adamlar var ki, mənim adımdan istifadə edib kimlərdənsə pul alıblar. Təəssüf ki, bunlar hələ araşdırılır".
Maraqlıdır, görəsən Orxan Kərimov "mənim adımdan adamlardan pul alıblar" deyərkən konkret olaraq kimləri nəzərdə tutur? Bu adi vətəndaş üçün sirr olsa da həm Orxan Kərimov, həm həmin adamların özləri, həm də istintaq onların kimliyindən xbərdardır və məsələnin qəlizliyi də elə budur. İndi həmin adamlar ciddi əndişə içərisindədirlər ki, birdən Orxan Kərimov növbəti məhkəmə proseslərinin birində onların adlarını çəkər. Belə bir faktın yaşanacağı təqdirdə adı çəkilən şəxsin sözün həqiqi mənasında sonunun gəldiyini düşünmək olar.
Bəs məhkəmə prosesi nə yerdədir və araşdırma hansı istiqamətlər üzrə aparılır. Dünən bununla bağlı açıqlama verən Orxan Kərimov aşağıdakıları söyləyib: "Sentyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə oldu. Məhkəmə zamanı mənə qarşı ifadə verən Rafiq Hüseynov vəkillərimin suallarını cavablandırıb. Nəticədə ortaya çıxdı ki, bunun dediklərinin hamısı yalandır. Belə mənzərə yarandı ki, o insan elə əvvəldən yalan danışırmış"
O, eyni zamanda məhkəmənin ədalətli aparıldığını da sözlərinə əlavə etməyi məsləhət bilib: "Düşünürəm ki, məhkəmənin gedişində bəraətverici məqamlar ortaya çıxacaq. Məhkəmənin gedişində da razıyam. Hər şey ədalətlidir. Həm hakimlər kollegiyasında da tam şərait yaradırlar ki, obyektiv araşdırma aparılsın".
Göründüyü kimi "məhkəmədən razıyam, hər şey ədalətlidir" deyən Orxan Kərimov bununla rəqiblərinə meydan oxuyaraq onlara əlində olduqlarını başa salmağa çalışıb. Baş verənlərlə bağlı əməkdaşımızla söhbətləşən mənbə isə bildirdi ki, hazırda Orxan Kərimov doğurdan da prosesi öz xeyrinə dəyişib və buna görə də çoxları narahatçılıq keçirir: "Məndə olan məlumatlara görə Təhsil Nazirliyinin bir neçə yüksək çinli məmurları bir neçə dəfə Orxan Kərimovla görüşməyə cəhd göstərsələr də əks tərəf hər dəfə bu təkliflərdən müxtəlif bəhanələrlə boyun qaçırıb. Adını çəkmək istəmədiyim bir nazir müavini isə Orxan Kərimovun yaxın bir qohumunu taparaq onun vasitəsilə görüşmək və bəzi məsələləri aydınlaşdırmaq istəyində olduğunu deyib. Orxan Kərimovun onunla görüşdüyü dəqiqdir, amma aralarında hansısa razılığın əldə olunub-olunmamasını deyə bilmərəm".
Göründüyü kimi, Təhsil Nazirliyinin ən yüksək məmurları bu gün Orxan Kərimovun "girovluğunda" yaşamağa məhkumdur. Necə deyərlər, məhkum etmək istədikləri Orxan Kərimov onların özü üçün başağrısına çevrilməkdədir. Bu başağrısının nə vaxt keçəcəyi isə bilinmir. Hələlik bilinən odur ki, Orxan Kərimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.
Natiq Rəhimov
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00