Politoloq: "Bakı və Moskvanın münasibətləri müsbətdir"
13:12 29-09-2012
CƏMİYYƏT
Politoloq: "Bakı və Moskvanın münasibətləri müsbətdir"
Vüqar Bayramlı: "Rusiyanın Ümumdünya Ticarət Təşkilatından bizə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi çox real ola bilər"
Rusiya Siyasi Konyunktura Mərkəzinin və Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev belə hesab edir ki, "Bəzi fikir ayrılıqlarına baxmayaraq, Bakı və Moskvanın münasibətləri sabit müsbətdir və biz bu münasibətləri dəstəkləməliyik".
Mixeyev "Rusiya-Azərbaycan: münasibətlərin 20 ili" mövzusunda keçirilən Bakı-Moskva çoxmedialı telekörpünün gedişində bildirib: "Azərbaycan-Rusiya münasibətlərinin bugünkü vəziyyəti yaxşıdır və əminəm ki, bu münasibətlər Xəzərdə sabitliyin amilidir və burada Azərbaycanın rolu böyükdür".
Tədbir sentyabrın 30-da qeyd olunacaq Rusiya və Azərbaycan arasında azad ticarət haqqında sazişin imzalanmasının 20 illiyinə həsr olunub.
Politoloqun fikrincə, Bakı və Moskva arasında anlaşma Xəzər regionu üçün vacib olan sabitliyin təməlindəki əsas məsələlərdən biridir. Mixeyevin qeyd etdiyi kimi, münasibətlərin iqtisadi ölçüsü yaxşı inkişaf edir, lakin investisiyalar və innovasiyalar sahəsində də daha yaxşı ola bilər. O hesab edir ki, bu, əməkdaşlığın perspektivli sahəsidir.
Azərbaycanlı politoloq, Siyasi Xəbərlər Agentliyinin (SXA) Azərbaycandakı müxbir məntəqəsinin ilk rəhbərlərindən biri Rasim Ağayev də iki ölkə arasındakı münasibətlərin səviyyəsindən razıdır.
Onun sözlərinə görə, hakim elita dostun dostsuz yaşamasının çətin olduğunu anlayır. Rusiya böyük investisiya və innovasiya potensialına malikdir ki, bu da Azərbaycan üçün əlverişli ola bilər.
"Lakin Dağlıq Qarabağ münaqişəsi indiyədək problem olaraq qalır. Bununla bağlı Moskva ərazi bütövlüyü məsələsinə adekvat yanaşma hazırlamalıdır", - politoloq qeyd edib.
Iqtisadçı-ekspert Vüqar Bayramlının sözlərinə görə, "Azərbaycanla Rusiyanın münasibətləri çox sahəli və olduqca mürəkkəb spektrlidir. Bu adi qonşuluq münansibətlərindən tutmuş geopolitik sahələrə kimi bir çox istiqamətləri əhatə edir. Amma fikrimcə, hazırda Rusiyanın Ümumdünya Ticarət Təşkilatından bizə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi çox real ola bilər. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməsi bu ölkənin iqtisadiyyatı üçün həm mənfi, həm də müsbət nəticələr doğurub. Mənfi nəticələr birinci növbədə Rusiyanın maşınqayırma sənayesində özünü büruzə verəcək. Məlum olduğu kimi, Rusiyada istehsal edilən minik, yük və digər avtomobil növləri Qərb dövlətlərində istehsal edilən avtomobillərdən həm texnoloji baxımdan, həm də maya dəyəri cəhətdən xeyli geridə qalır və Rusiya avtomobil istehsalçılarının yaxın illərdə Qərb istehsalçıları ilə rəqabətə girəcək səviyyəyə çatması inandırıcı görünmür. Qeyd etməliyəm ki, yaxın onilliklərdə rus avtomobillərinin modernləşərək Qərb standartlarına yaxınlaşdırılması üçün külli miqdarda maliyyə vəsaiti lazımdır və Rusiya hazırda bu yeniliyi reallaşdırmaq gücündə deyil. Buna görə də Rusiya avtomobillərini Qərbi Avropanın bazarlarına çıxartmaq, sadəcə, imkan daxilində deyil. Rusiya istehsalçıları yenə də məcbur olub daxili bazar və MDB ölkələri ilə kifayətlənməli olacaqlar".
İqtisadçının fikrincə, "Eyni mənzərə Rusiyanın təyyarə istehsalı sektorunda da müşahidə olunacaq. Məlum fakdır ki, Rusiya çoxlu sayda mülki təyyarələr istehsal edir, amma yenə də bu təyyarələr Qərb modellərinin qarşısında duruş gətirmək potensiaılnda deyil".
Vüqar Bayramlının fikrincə, "Rusiyanın ÜTT-ə üzv olmasının müsbət tendensiyaları daha çox bu ölkənin aqrar sektorunda təzahür edəcək. Məlum olduğu kimi, Şərqi və eləcə də Qərbi Avropanın bazarlarında rus fermerinin məhsullarına yüksək tələbat var".
Iqtisadçı hesab edir ki, "Rusiyanın ÜTT ilə uzun sürən 17 illik danışıqlardan sonra bu quruma üzv olmasının siyasin dividendləri də olacaq. Belə ki, Rusiya artıq yeri gələndə bu qurum daxilində sərbəst söz demək imkanı qazanıb".
Vüqar Bayramlı hesab edir ki, "Rusiyanın ÜTT-a üzv seçilməsi Azərbaycan iqtisadiyyatı üçün müəyyən problemlər yarada bilər. Buna görə də Azərbaycan vaxtında cəhdlər göstərməliydi ki, Rusiyadan qabaq bu quruma üzv seçilsin. İndiki halda Rusiya Azərbaycanı qabaqladı və bundan istifadə edib Azərbaycana təzyiqlər göstərməyə çalışacaq. Bu təzyiq birinci növbədə Azərbaycanın ÜTT-na üzv olmaqla bağlı apardığı danışıqlar prosesində üzə çıxacaq. Rusiya ÜTT-nın üzvü kimi şərtləri diqtə edən tərəfə çevrilib və hər vəchlə çalışacaq ki, ölkəmizin bu quruma üzvlüyü gec baş tutsun ki, aqrar sahədə Azərbaycan diqtə etmək imkanlarını itirməsin. Biz məhz bu amili nəzərə alıb vaxtında təkid edirdik ki, Azərbaycan ÜTT-a üzv olmaq prosesini sürətləndirməlidir".
Savalan
Digər Xəbərlər
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52