Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Unikal.org xəbər verir ki, dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Bundan başqa, Suraxanı rayonu ərazisindəki keçmiş 1 saylı texniki peşə məktəbinin binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin bir qrupu da qəbulda olublar. Mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müraciət edən vətəndaşlara məlumat verilib ki, onlar mərhələli şəkildə yeni mənzillərlə təmin ediləcəklər.
Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcəkdir.
Məcburi köçkünlərə bir daha bildirilib ki, Prezident İlham Əliyev onların problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu kateqoriyadan olan vətəndaşlar üçün müasir tipli qəsəbələrin salınması davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.
Qeyd edək ki, ötən bir il ərzində 10.288 vətəndaş Dövlət Komitəsinin sədrinin qəbulunda olub. Onlardan 5758 nəfəri Dövlət Komitəsində, 1812 nəfəri, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bölgələrdə, 2718 nəfər isə Bakı şəhərinin rayonlarında və ətraf ərazilərdə keçirilən səyyar görüşlər zamanı qəbul edilib.