Saakaşvili parlament seçkilərini uduzdu: bəs sonra?
12:59 03-10-2012
CƏMİYYƏT
Saakaşvili parlament seçkilərini uduzdu: bəs sonra?
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini əks etdirən seçki protokollarından 9,9%-nin (3766 protokoldan 373-nün) sayılmasından sonra milyarder Bidzina İvanişvilinin "Gürcü arzusu" müxalifət bloku səslərini 57,13%-ə (85 894 səs), hakim "Vahid Milli Hərəkat" partiyası isə 38,14%-ə (57 336 səs) çatdırıb.
"RİA Novosti"-nin xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatda bildirilir.
Qeyd edək ki, bu göstəricilər proporsional sistem üzrə səsvermənin nəticələrini əks etdirir. Birmandatlı majoritar dairələr üzrə də liderlik "Gürcü arzusu"na məxsusdur - 27:25. 21 dairə üzrə seçkilərin nəticələri hələlik açıqlanmayıb.
Xatırladaq ki, oktyabrın 1-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Yeni parlament əvvəlki kimi, proporsional və majoritar qaydada seçilmiş 150 deputatdan ibarət olacaq. Seçkilərdə üçün iki blok və 14 partiya iştirak edib. 150 deputat yeri uğrunda 2805 namizəd mübarizə aparıb. Partiyalar üçün seçki baryeri səsvermədə iştirak edən seçicilərin səslərinin 5%-i həddində müəyyənləşdirilib.
Seçkilərdə əsas mübarizənin hakim "Vahid Milli Hərəkat" və Bidzina İvanişvilinin "Gürcü arzusu" bloku arasında gedib. Seçkiləri rekord sayda - 60 min yerli və beynəlxalq müşahidəçi izləyib. Gürcüstan prezidenti Mixail Saakaşvilinin ikinci səlahiyyət müddətinin 2013-cü ildə bitəcəyini nəzərə alsaq, seçkilərə bu diqqətin səbəbi aydın olar. Üstəlik, yeni Konstitusiya normalarına əsasən, Gürcüstanda baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərinin azaldılması hesabına artırılacaq və gələn il yeni baş naziri bu günkü seçkidə qalib gələn partiya və ya seçki bloku təqdim edəcək.
Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, "Gürcüstanda başa çatmış parlament seçkiləri bütünlükdə Cənubi Qafqaz regionu üçün böyük bir hadisə hesab edilməlidir. Çünki Gürcüstan cəmiyyəti bir neçə il əvvəl qətiyyətlə seçdiyi demokratik islahatlar kursuna sadiq olduğunu bir daha əməli şəkildə nümayiş etdirdi. Son məlumatlara görə, Prezident Saakaşvilinin siyasi kursunu dəstəkləyən "Vahid Milli Hərəkat" bloku bu dəfəki parlament seçkilərini uduzub. Bu o deməkdir ki, prezident hakimiyyətdə olsa da, seçki prosesinə süni müdaxilələr olmayıb və bu fakt Gürcüstanın bütün qonşuları üçün ciddi ibrət dərsi olmalıdır".
Zəlimxan Məmmədlinin fikrincə, "Prosesin gedişi göstərir ki, gələn il Gürcüstanda keçiriləcək prezident seçkiləri ciddi siyasi mübarizə şəraitində keçiriləcək və biz maraqlı epizodların şahidi olacağıq".
Birlik sədrinin sözlərinə görə, "Gürcüstanın arzusu" seçki blokunu bəzən sırf Rusiyayönlü qüvvə kimi qələmə verməyə çalışırlar, amma belə deyil. Düzdür, bu blok seçkiqabağı kampaniyasında Rusiya ilə münasibətlərin normallaşdırılmasını zəruri hesab edir və Gürcüstanın parçalanmasında Saakaşvilinin buraxdığı səhvləri qeyd edirdi. Amma mənə elə gəlir ki, sözügedən seçki bloku tamamilə Rusiyaya meylli qüvvə deyil".
Zəlimxan bəy hesab edir ki, "Gürcüstanda hakimiyyətin dəyişməsi oradakı soydaşlarımızın taleyinə ciddi şəkildə təsir edə biləcək problemlər yaratmayacaq. Məndəki məlumatlara görə, artıq soydaşlarımızdan biri yeni parlamentə üzv seçilib və onu ürəkdən təbrik edirəm".
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, "Gürcüstan hakimiyyətində yeni siyasi qüvvənin təmsil edilməsi istər-istəməz Cənubi Qafqaz regionunda qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxardacaq. Bu dəyişikliklər birinci növbədə regiondakı dondurulmuş münaqişələrə yanaşma tərzindən qaynaqlanacaq. Təbii ki, "Gürcüstanın arzusu" bloku Gürcüstandakı münaqişələrin həlli üçün seçkiqabağı seçicilərə vəd etdiyi proqramları gerçəkləşdirmək üçün addımlar atmaq məcburiyyətində qalacaq. Bu isə Rusiyanı və digər maraqlı dairələri qane etməyəcək. Çünki Gürcüstandakı indiki status-kvo Rusiyanı qane edir. Amma bunu da unutmayaq ki, "gürcüstanın arzusu" bloku Rusiyayönlü çıxışlarla da yadda qalıb. Ona görə də regionda qüvvələr nisbətinin prinsipial şəkildə dəyişəcəyinə inanmıram".
Partiya sədrinin fikrincə, "Gürcüstandakı hakimiyyət dəyişikliyinin Gürcüstan-Azərbaycan münasibətlərinə neqativ şəkildə təsir edəcəyinə inanmıram. Çünki bu iki respublikanı birinci növbədə geopolitik maraqlar birləşdirir".
Savalan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49