"Azərişıq" ASC iyun ayının 17-dən 19-dək Bakı şəhərində keçiriləcək "Formula 1" Avropa Qran-pri idman yarışları ilə əlaqədar fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunmasına tam hazırdır.
Qurumun mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, "Formula 1" Avropa Qran-pri yarışları zamanı idman tədbirlərinin keçiriləcəyi küçə və prospektlərin, habelə idmançıların və qonaqların yerləşdiriləcəyi yaşayış komplekslərinin, mehmanxanaların və digər sosial təyinatlı obyektlərin yüksək keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün "Azərişıq" ASC tərəfindən zəruri tədbirlər həyata keçirilib, yarışların keçiriləcəyi günlərdə fasiləsiz və yüksək keyfiyyətli elektrik enerji təchizatının təmin olunması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədi ilə iyun ayının 16-dan 20-dək Səhmdar Cəmiyyətin Mərkəzi Aparatı və Bakı şəhərində olan ərazi strukturları üzrə növbətçilik təşkil edilib.
Bundan əlavə Heydər Əliyev Beynəlxalq Hava Limanının, Dəmir Yol Vağzalının,Bakı Biznes Mərkəzinin, Dənizkənarı Milli Parkın, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qorğu ərazilərinin, muzeylərin, küçə, park və fəvarələrin, binaların fasad işıqlandırılmasının, restoranların, barların və digər obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasının xüsusi diqqətdə saxlanılması barədə "Azərişıq" ASC rəhbərliyi tərəfindən Texniki Direktorluğa və tabe olan xidmət sahələrinə, Bakı şəhərində olan RETSİ-lərə ciddi göstəriş verilib.
Bildirək ki, baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, idman yarışının keçirildiyi günlərində aparılması planlaşdırılan bütün təmir işləri müvəqqəti olaraq dayandırılıb.