Turqut Özalın məzarı açıldı: görənlər şoka düşdülər
12:30 04-10-2012
CƏMİYYƏT
Turqut Özalın məzarı açıldı: görənlər şoka düşdülər
Və yaxud Allahın sevdiyi bəndələrin axirət dünyası
Məlum olduğu kimi, Türkiyənin 8-ci prezidenti Turqut Özalın qəfil ölümündən sonra onun ölümü ilə bağlı ən müxtəlif şayiələr dolaşmağa başlamışdı.
Bu şayiələrin əsas məzmunu isə bundan ibarət idi: Turqut Özal öz əcəli ilə ölməyib.
Bu faktın gerçəkliyini gücləndirən digər məqam isə mərhum prezidentin xanımı Səmira Özalın mətbuata verdiyi açıqlama oldu. Səmira xanım açıqlamasında iddia edirdi ki, mərhum prezidenti zəhərləyiblər.
Necə deyərlər, məsələnin şişdiyini görən Türkiyənin dövlət və hökumət başçıları bütün bu söz-söhbətlərə son qoymaq məqsədilə bu yaxınlarda Turqut Özalın məzarının açılması və nəşin yenidən ekspertizadan keçirilməsi üçün qərar qəbul etdilər. Və Özalın məzarı 19 ildən sonra açılıb.
Ankara Baş Prokurorluğu Özalın zəhərləndiyini iddia edən ailə üzvlərinin istəyi və tələbindən sonra belə qərar qəbul etmişdi.
"Milliyet" qəzeti yazır ki, Turqut Özalın nəşi Topkapıdakı Anıt Məzardan çıxarılaraq Ədliyyə-Tibb Qurumuna aparılıb. Nəş iki gündən sonra təkrar dəfn ediləcək.
Ankaradan verilən təlimata görə, nəşin çıxarılma və məhkəmə-tibb ekspertizasına aparılması prosesinə İstanbul Baş Prokurorunun müavini Oktan Erdoğan nəzarət edib.
Topkapı Anıt Məzarlığında dünən səhər saat 06.30-da başlayan işlər 6 saat sonra başa çatıb.
Ədliyyə-Tibb Qurumunun sədri doktor Haluk İncenin dediyinə görə, eksqumasiyanın nəticələri və ekspert rəyi ən tez 2 aydan sonra hazır olacaq.
Məzar qazılarkən hər 20 sm-dən bir torpaq nümunələri alınıb. Məzardakı su isə xüsusi qurğu ilə çıxarılıb.
Bütün proses sənədləşdirilib, videoçəkilişlər aparılıb.
Tabut çıxarılandan sonra əsgərlərin çiyinlərində cənazə maşınına aparılıb.
Özalın sabiq müşaviri Kaya Toperi 19 ildən sonra sabiq prezidentin tabutunu bir daha görəndə kövrəlib, ağlayıb.
Türkiyənin ədliyyə naziri Sadullah Engin isə tabutu görənlərin heyrətləndiyini deyib.
O, "Bugün TV" telekanalına verdiyi açıqlamasında bildirib: "Bir çox şərhlər söyləndi, "tabutda 20 il sonra nə olacaq ki?!" söyləndi. Lakin gördük ki, Özalın nəşinin əksər hissəsi pozulmayıb. Bu bizi heyrətləndirdi. Halbuki məhkəmə-tibb ekspertləri tabutda sümük və ya tük qalıqlarını görməyi ümid etdiklərini deyirdilər. Cənazənin önəmli bir qismi pozulmayıb, qorunub".
Təkrarlanan tarix...
Bu faktlarla tanış olanda istər-istəməz Türkiyənin yaxın tarixində baş vermiş digər sarsıdıcı epizodu xatırlamalı oldum: İstanbulu fəth etmiş Sultan Mehmet Fatehin qəhrəmanlıq və hünərlə dolu faciəvi taleyini...
Sultan Mehmet Fateh 22 yaşında İstanbulu döyüşlə bizanslılardan zorla alıb. Və bu fəthin tarixi ağlasığmaz əfsanələrlə doludur. Bizim üçün qürur doğuran məqam isə budur ki, Mehmet Fatehin müəllimi Təbriz şəhərindən olan Ağ Şəmsəddin olub və Fateh İstanbulun alınmasında Ağ Şəmsəddinin ruhsal missiyasını dəfələrlə etiraf edib.
Mehmet Fateh cavan ikən dünyasını dəyişib - 49 yaşında. Onun da ölümü ətrafında vaxtilə çoxlu şayiələr dolaşıb və bu şayiələrin əksəriyyəti masonlara işarə edir. Tarixi mənbələr xəbər verir ki, Mehmet Fatehin avropalı şəxsi həkimi mason imiş və bu fakt müxtəlif yozumlara meydan açıb...
Mövzumuzun əsas predmeti bu deyil. Turqut Özalın qəbrinin eksqumasiya edilməsi və iyirmi il öncə dəfn edilmiş Özalın cəsədinin hələ də çürüməməsi bizim yadımıza başqa bir faktı saldı. Vəfatından sonra 600 il ərzində cəsədi çürüməmiş Mehmet Fatehin axirət səadətini...
Allahın sevdiyi
bəndələr...
XX əsrin əvvəllərində İstanbulun kanalizasiya boruları çatladığından çirkli sular şəhərin küçələrinə axmağa başlayır və tezliklə kasıbların yaşadıqları məhəllələri, Sultan Mehmet Fatehin dəfn edildiyi qəbristanlığı ağzına alır. Və ardınca şəhərdə xoşagəlməz şayiələr dolaşmağa başlayır: Mehmet Fateh kiminsə yuxusuna girərək gileylənib: "Yerim qoxuyub". Şayiələr bütün şəhəri bürüyür və Osmanlı xəlifəsi sultan Əbdülhəmid bunu eşidəndə narahat olur. Jandarm Qüvvətlərinin komandiri vəzifəsini icra edən qaynını yanına çağırıb göstəriş verir ki, şəhəri ağzına almış şayiələrə son qoymaq üçün dövlət komissiyası yaradılsın və Mehmet Fatehin məzarı açılsın.
Oxucunu çox yormadan qeyd edək ki, komissiya üzvləri məzarı açanda şoka düşürlər: meyit tam salamat idi, sanki Mehmet Fateh indicə məzara endirilmişdi...
Bu, sənədləşdirilmiş tarixi faktdır və hansısa gümana, zənnə yer qoymayan sərt bir həqiqətdir...
Meyit niyə çürüməyə bilər?
Medium Vahid Rzayevin sözlərinə görə, "Meyitin çürüməməsi dünyəvi elmlərin çətin qəbul edə biləcəyi çox sadə bir həqiqətə görə baş tuta bilir: həmin cəsədi öz missiyası üçün alət olaraq seçmiş ruh Yer planında mövcud olduğu müddətdə o qədər yüksək vibrasiya, yəni titrəşim nümayiş etdirir ki, bu titrəşimə tam uyğunlaşan cisim uzun müddət fiziki təsirlərə məruz qalmır, daha doğrusu, ruh həmin bədəni tərk edəndən sonra bədən xeyli müddət çürümür. İnsanlığın tarixində belə faktlar çox olub. Hazırda ana torpağın altında çürüməmiş xeyli cəsəd var və hətta onları dəqiq şəkildə lokallaşdırmaq da mümkündür. Rəsmi elm isə bu faktları qəbul edib bədənlə ruhun energeik bağlılıqlarını araşdırmaq əvəzinə "əfsanədir!" damğası ilə özünə təsəlli verir. Məhz buna görədir ki, müqəddəslərin məzarları ziyarətgaha çevrilir".
Savalan
Digər Xəbərlər
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04