Ayaz Mütəllibovun “Milli Şurası”?!
13:20 05-10-2012
CƏMİYYƏT
Ayaz Mütəllibovun “Milli Şurası”?!
Yaxud natəmiz siyasi marağın psixoloji blefləri
Cəmiyyətimiz tədricən keçmişin ağırlıqlarından azad olur və azad olduqca yeni siyasi müstəviyə keçidə hazırlaşır. Amma, deyəsən, bu müddətdə bu keçidin öz xırda cığallıqlarını da seyr etməli olacağıq.
Belə ki...
“Beləsi” budur ki, Milli Məclisdə eks-prezidentlər barədə qanun layihəsinin qəbul edilməsini ölkədə hamı rəğbətlə qarşıladı. İstisnasız olaraq hamı... Amma bu “hamılar”ın içində “bulanıq suda balıq tutmağa” cəhd edənlər də peyda oldu. Belə cəhdlərdən sonuncusu eks-prezident Ayaz Mütəllibovun siyasi reanimasiyası istiqamətindədir. Biz bunu alqışlayırıq. Amma...
Ammaların “əmmalara” çevrildiyi məqamlarda isə yox. Bu zaman ən yaxın tariximiz göz görə-görə saxtalaşdırılır. Məsələn, az-çox tanınan saytlardan birinin müəllifi iddia edir ki, 1991-ci ildə müxalifətin təzyiqi ilə yaradılmış Milli Şura, sən demə, “Ayaz Mütəllibovun Milli Şurası” imiş.
Müəllif qeyd edir ki, “2011-ci ildə Azərbaycan özünün istiqlalının 20 illik yubleyini böyük təntənə ilə qeyd etdi. Xalqımıza nəsib olmuş müstəqil dövlət ideyası SSRİ boynuduruğundan çıxmış nəsillər üçün özünü tanımaqda əvəzsiz rol oynadı. Hazırda yaşadığımız oktyabr ayında Azərbyacan öz müstəqilliyinin 21-ci ilini başa vurmağa hazırlaşır. 1991-ci ilin oktyabrında elan edilmiş müstəqil Azərbyacan Respublikası o dövrün çox böyük siyasi təlatümlərindən keçərək formalaşa bildi. O zaman üçün əsas hadisə Azərbyacan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması oldu. Azərbaycan Kommunist Partiyasının birinci katibi Ayaz Mütəllibovun rəhbərlik etdiyi kommunist nomenklaturası ilə demokratik hərəkat arasında ölkənin idarə olunması üçün kompromis variant kimi nəzərdə tutulmuş Milli Şura bir müddət sonra Milli Məclis adlandırılaraq ölkənin bütün ictimai-siyasi gündəminin aparıcı sisteminə çevrildi. Kommunistlərdən və demokratlardan təşkil olunmuş 50 nəfərlik Milli Şura 1991-ci ildə fəaliyyətə başlayaraq 1993-cü ilin iyun qiyamına qədər Azərbyacan siyasi gündəmini müəyyən edən əsas orqan kimi yadda qalıb.
Milli Şuranın ilk tərkibi kifayət qədər rəngarəng olub. Bu siyahı ilə tanış olduqca idarəçilik təcrübəsi baxımından kommunist “boss”larla yeni demokratik hərəkatın fəalları arasında kəskin fərqi sezmək mümkündür. Amma əsas məqam odur ki, məhz Milli Şurada təmsil olunmaqla demokratik hərəkatın böyük bir kəsimi ölkə siyasi həyatına müncər oluna bildi. Bu müstəqil Azərbyacan dövlətinin yeni siyasi nəsli idi.
Bu şəxslərdən bir neçəsi dünyasını dəyişib, bəziləri ağır həbsxana həyatından keçib, güllələnərək öldürülüb. Bu şəxslərdən bir neçəsi isə hazırda siyasi partiya rəhbəridir. Aralarında siyasi mühacirətdə yaşayanlara da rast gəlmək olur. Bütün bunlara baxmayaraq, müstəqil Azərbyacanın ilk qanunverici orqanı olan Milli Şura üzvləri istiqlal tarixinə düşərək Azərbaycan siyasi tarixinin bir hissəsinə çevrilə biliblər”.
Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin təməlini qoyanlardan biri və hazırda millət vəkili kimi fəaliyyət göstərən Fərəc Quliyevin sözlərinə görə, “Milli Şura o zamanlar Ayaz Mütəllibovun qurumu kimi deyil, Azərbaycan müxalifətinin güclü təzyiqi nəticəsində meydana çıxmışdı və indiki eks-prezident bu qurumunn yaranmasına hər vəchlə müqavimət göstərirdi”.
Millət vəkilinin dediyinə görə, “Məhz Ayaz Mütəllibovun hakimiyyəti dönəmində - 1990-cı ildə keçirilmiş parlament seçkiləri güclü şəkildə saxtalaşdırıldı və nəticədə müxalifət parlamentdə cəmi 25 nəfərlə təmsil oluna bildi. Amma bu rəqəm 300-ə yaxın ola bilərdi. Çünki orta və yaşlı nəsil çox gözəl xatırlayır ki, o zaman keçirilən parlament seçkilərinin nəticələri necə saxtalaşdırıldı. 25 nəfərin 325 nəfərə qarşı işləməsi çox çətin olduğundan Demblok cəmiyyətin gücünə arxalanıb Milli Şura ideyasını ortalığa qoyfu və bunu gerçəkləşdirə bildi. O zamankı partnomenklaturanın bu prosesin qabağını almağa gücü də yox idi və nəticədə Azərbaycanın müstəqillik tarixində mühüm xidmətləri olan Milli Şura yaradıldı”.
Savalan
Digər Xəbərlər
2024-12-27 11:24:31
2024-12-27 11:21:58
2024-12-27 11:20:29
2024-12-27 11:18:49
2024-12-27 11:15:33
2024-12-27 11:10:45
2024-12-27 10:57:07
2024-12-27 10:34:57
2024-12-27 10:00:00
2024-12-27 09:41:22
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33