Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri davam etdirilib.
Sübutların tədqiqi mərhələsi və məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Hər üç təqsirləndirilən şəxsin 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
Bu müddətə uyğun olaraq təqsirləndirilən şəxslərin həbs müddəti başa çatmış sayılır.
Məhkəmə kollegiyası hökm elan olunması üçün yarım saatlıq fasilə elan edib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.