"Pul olmayandan sonra nə edirsən et alınmaz"
"Lokomotiv" voleybol klubu tamamı ilə fəaliyyətini dayandıra bilər. Çünki klubda nə voleybolçu qalıb, nə də məşqçi...
Klubun bu cür problemlər yaşamasına səbəb təbii ki, onların maliyyə sıxıntısı yaşamaqları ilə bağlıdır. Hələ ki, "dəmiryolçular"da təşkilatçı direktor kimi fəaliyyət göstərən Orxan Hüseynzadə AzNews.az-a müsahibəsində bu mövzulara toxunub:
- "Lokomotiv"dəki problemin əsas səbəb nədir?
- Bizim ana spornsorumuz "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətidir. Maliyyə ilə bağlı problemlərimiz oldu. Ona görə də klubda belə sıxıntılar yaşandı. Tək məşqçi və voleybolçuların yox, bizim də maaşlarımız verilmədi. Vəziyyət də elə yerə çatıb ki, hələ nə olacağı bilinmir. Hamı gözləmə mövqeyində dayanıb.
- Komandada neçə voleybolçu qalıb?
- Klubda bir nəfər də olsun voleybolçu yoxdur. Hamı çıxıb gedib. Məşqçi isə çoxdan getmişdi. O Fransada bir klubla müqavilə də bağlayıb. Bizdə futboldakı kimi deyil, hər kəslə bir illik müqavilə bağlanır. Həm məşqçilərlə, həm də idmançılarla...
- Rəhbərliyin komanda ilə bağlı fikri nədir? Klubu tamam dağıtmaq istəyir, ya bərpasına ümid var?
- Bu dəqiq deyil. Hələ bilinmir ki, necə olacaq. Hələ ki, apreldən bu yana bu məsələni "müzakirə" edirlər, ortaq məxrəcə gələ bilməyiblər.
- "Azərreyl" də sizinlə eyni yerdən maliyyələşir. Amma onlardakı problem sizdəki kimi deyil...
- Onların problemi bu mövsümdən başlayacaq. Artıb başlayıb da... Bizdə isə problem "Azərreyl"dən bir az tez yarandı.
Vəsait lazımdır ki, komandanı saxlayasan. O da yoxdur. Loru dillə deyəcəm... Pul olmayandan sonra nə edirsən et alınmaz. Pul olsun ki, klub da olsun. Vəsait olmalıdır ki, transfer edəsən və digər maliyyə işlərini görəsən. Klub təkcə 12 voleybolçudan ibarət deyil ki ...
Məşqçi heyəti var, komanda üçün çalışan digər işçi heyətləri var. Burada böyük bir məbləğdən söhbət gedir. Vəsait olmadığına görə Amerikadan, Rusiyadan və digər ölkələrdən voleybolçu almayacağıq, ucuz olduğuna görə, yerlilərə üstünlük veriləcək. Büdcə azalır, vəsait azalır, aşağı büdcə ilə komanda düzəldiləcək. Əslində belə gözlənilir. Dəqiq bilmirəm, amma bu gedişlə elə olacaq.
- Bəs "Lokomotiv"in ümumi borcunun nə qədərdir?
- O dəqiq bilinmir. Mən klubun üzvü olsam da bilmirəm. Çünki müqavilələri biz görmürük. Müqavilələr ancaq rəhbərlikdə olur. Dəqiq rəqəm bilinmir, ancaq təxmini olaraq 800 minə yaxın borc var. Onun dollar ya manat olduğunu da bilmirəm.