Hicab olsun, olmasın?
11:26 09-10-2012
CƏMİYYƏT
Hicab olsun, olmasın?
İslamçıların hicabla bağlı Təhsil Nazirliyinin binası qarşısında keçirdiyi aksiya ölkədə birmənalı şəkildə qarşılanmadı. Dindarlar və siyasətçilər bu problemə yanaşmada müxtəlif münasibətlər ortalığa qoydular.
Millət vəkili Fazil Mustafa bildirir ki, "Hicab və təhsil. Hər dəfə bu məsələni xüsusi olaraq vurğulamaqla insanları bəlkə də bezdirmişəm. Təhsildə hicab məsələsini İslam dininin "olmazsa, olmaz"ı kimi bayraq etmək ciddi problemlər yaradacaq. Əsas hədəf hicablı-hicabsız bütün övladlarımızın təhsil almasıdır. Hicabı bəhanə edib Azərbaycan uşağını məktəbə buraxmayanlar da yanlış yoldadırlar, hicabı bəhanə edib uşağını məktəbdən uzaq tutanlar da.
İndi Təhsil Nazirliyi qarşısında aksiyalar nəyi göstərdi? Dinin siyasiləşdirilməsi, hicab etirazını əsas götürərək gərəksiz yerə polisin təxribata çəkilməsi və onlarla gəncin yenə də həbsxana dəhlizlərində əsir-yesir edilməsi... Bu zorakılıqla İslam dininin qorxu dini olduğunu iddia edənlərin arqumentlərini gücləndirmirsinizmi? Əldə ağacla etiraz aksiyasına çıxmağın nə mənası? Daha sivil etiraz formalarını axıra qədər istifadə etdinizmi? İmza toplama aksiyası bir vaxt aparıldı. Normal bir addım idi. İnsan hüquqları təşkilatlarına müraciətlərinizi artırın. Ancaq hər hansı şəkildə hicab məsələsini əsas götürərək polislə toqquşmaya getməyin faydasını görə bilmirəm.
Bu gün Azərbaycan təhsilində əsil həqiqətdə hicab problemi yoxdur, birbaşa təhsil problemi var. Azərbaycan məktəblərində bir az aşağı, bir az yuxarı sanki təhsil məqsədyönlü şəkildə öldürülüb. Bir vaxtlar "Təhsil Nekroloqu" adlanan sərt bir yazı yazmışdım, indi isə nekroloqluq da bir şey qalmayıb. Ölkənin üzünü ağardan bir-iki türk məktəbi, türk universiteti qalıb. Onları da bağlasalar, məktəbin, universitetin vaxt öldürmə yerindən başqa bir şey ifadə etməyəcəyi ortada. Bununla mən nə konkret nazirliyi, nə onun rəhbərliyini, nə TQDK-nı, nə universitet rəhbərlərini, nə məktəb direktorlarını ittiham etmirəm. Bu sferada kifayət qədər işini bilən, vəziyyəti düzəltmək istəyən insanlar var. Söhbət təhsilin məqsədinin yanlışlığından gedir. Ölkədə təhsil siyasəti kökündən dəyişməlidir. Təhsil ideologiyanın təsirindən uzaq tutulmalıdır, daha peşəkar və vicdanlı müəllimlərə, direktorlara müsabiqə yolu ilə uşaqların taleyi etibar edilməlidir. Müəllim bolluğu yerinə az sayda keyfiyyətli müəllimə keyfiyyətli maaş vermək yolunu tutmaq lazım. Eyni addım dinlə bağlı siyasətin tənzimlənməsinə də aiddir. Əvvəllər bu dövlət qurumunun başında müəyyən polemikalara girən, nəzəri biliyə sahib olan, ən azı öz sahəsinin mütəxəssisi olan professor Rafiq Əliyev vardı. Sonradan bu siyasət də dəyişdi və hakimiyyət üçün bu sahə sanki əhəmiyyətini itirməyə başladı. Dövlət-Din münasibətlərinin tənzimlənməsi üçün ağlabatan, əsaslandırılmış təkliflərlə çıxış etmək, diskussiyalara qatılmaq, hicab və başqa problemlərin həlli üçün mütərəqqi dindarların görüşlərini qiymətləndirmək hər halda lazımi qabaqlayıcı tədbirlər ola bilərdi.
Ümid edək, ancaq ümiddən də öncə sözün İlahi mənasında SƏBR etməyi bacaraq!"
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun sözlərinə görə, "Azərbaycanda hicab məsələsi aktual problem deyil və bu məsələnin yenidən qəribə şəkildə gündəmə gətirilməsinin səbəbini anlamaqda çətinlik çəkirəm. Hər halda mənə elə gəlir ki, hicaba münasibətdə dindarlarla dövlət strukturları arasında elə də ciddi bir anlaşılmazlıq olmayıb və bu hal Azərbaycan üçün xarakterik deyil. Mənə elə gəlir ki, kimlərsə hicab məsələsini süni şəkildə şişirdirlər, amma bu addımlar cəmiyyət tərəfindən dəsətəklənməyəcək".
Novella xanımın dediyinə görə, "Bir zamanlar bu məsələni yenə də zorla gündəmə çıxarmışdılar və həmin aksiyalara görə bir neçə nəfər həbs edilmişdi. Buizizm qurum jhəbs edilənlərlə ciddi şəkildə maraqlanmağa başladı və onlar azadlığa buraxıldılar. Fikrimcə, hicab məsələsini xariclə bağlılığı olan müəyyən qurumlar qəsdən ortalığa atırlar".
Novella Cəfəroğlu "Unikal"ın əməkdaşına bildirib ki, "Mənim bildiyimə görə, İslam dinində hicab məsələsi sırf psixoloji-əxlaqi hal kimi dəyərləndirilir. Yəni kişi olsun, qasdın olsun, fərqi yoxdur, adamın birinci nöcvbədə daxil hicabı olmalıdır. Yəni özünə və başqalrına münasibətdə, başqasının dünyagörüşünə, əmlakına yanaşmada pərdəli şəkildə, yəni hicablı davranmalısan. Ancaq bizim bəzi dindarlar hicab məsələsini olduqca formal şəkildə anladıqlarından bu cür gərəksiz problemlər əmələ gəlir".
Savalan
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44