"Şuşa" batalyonunun keçmiş komandiri, "Yeni Ermənistan" partiyasının lideri, siyasi xadim Jirayr Sefilyan silah-sursat əldə etmək, onların daşınmasını təmin etmək və qanunsuz saxlama ittihamları ilə polis tərəfindən saxlanılıb.
Bu barədə məlumatı Ermənistan Tədqiqat Komitəsi yayıb.
Qeyd olunub ki, may ayının 20-də Tsitsernakerdsk şossesində baş verən qəza zamanı avtomobillərin birində iki ədəd "АК – 74" avtomatı və 120 patron tapılıb.
Faktla bağlı açılan cinayət işi çərçivəsində sürücü və sərnişinin kimliyi müəyyən edilib.
İstintaq tərəfindən yayılan xəbərə əsasən aparılan araşdırma zamanı məlum olub ki, Sefilyan bir qrup şəxslə əlbir olaraq silahlı hücumlar vasitəsilə binaların, rabitə vasitələrinin və kommunikasiyaların, eyni zamanda İrəvandakı teleqüllənin ələ keçirilməsini planlaşdırıb.
Artıq cinayət işi ilə bağlı 8 nəfərə qarşı ittiham irəli sürülüb və onlardan 6-sı həbs edilib. Bir nəfər isə axtarışa verilib. (AzVision.az)