"Azərbaycanda çadrada gəzmək də azaddır"
11:27 09-10-2012
CƏMİYYƏT
"Azərbaycanda çadrada gəzmək də azaddır"
Əli Həsənov: "Bəzi radikal İslam dairələri Azərbaycan dövlətinin antiislam siyasəti
kimi təqdim etməyə çalışsalar da, bunun heç bir əsası yoxdur"
"Azərbaycanda hər bir vətəndaşın dini ayinləri həyata keçirməsi dövlətin dünyəvi normalarına təcavüz, müdaxilə, dövlət orqanlarına təzyiq formasında olmamalıdır, ola da bilməz". Bunu radikal yönümlü dindarların müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərməsini şərh edərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra Təhsil Nazirliyinin qarşısında təşkil olunmuş aksiyaya birmənalı münasibət bildirəcəyik. Amma bəri başdan bəllidir ki, hakimiyyət orqanlarına, təhsil sistemində çalışan strukturlara bəzi özlərini dini təəssübkeş adlandıran qruplar təzyiq göstərmək istəyirlər. Azərbaycanda çadrada gəzmək də azaddır, digər dini ayinlərə əməl etmək də hər bir insanın özünün şəxsi işidir. İşdən, dərsdən sonra, dövlətin işlədiyi yerdəki öhdəliklərini əməl edəndən sonra hər bir insan məscidə də gedə bilər, dini ayinləri də həyata keçirə bilər, özü ilə Allahı arasında bütün özünün məqbul hesab etdiyi ayinləri təmin edə bilər. Amma bu dövlətin dünyəvi normalarına təcavüz, müdaxilə, dövlət orqanlarına təzyiq formasında olmamalıdır, ola da bilməz", - Həsənov deyib.
PA rəsmisi deyib ki, Azərbaycanda dünyəvi sistem mövcuddur - din dövlətdən ayrıdır, dövlət dinin işlərinə, din də dövlətin işlərinə qarışmır. "Azərbaycan dünyəvi dövlət olduğuna görə buradakı təhsil sistemi də, məmur və digər strukturların davranış normaları da qanunlarla tənzimlənir. Təhsil haqqında qanunda da göstərilir ki, məktəbli olan dövrdə hər bir məktəblinin nümunəvi forması var və bu formadan da kənara heç kəs çıxa bilməz. Ona görə də bunu bəzi radikal İslam dairələri Azərbaycan dövlətinin antiislam siyasəti kimi təqdim etməyə çalışsalar da, bunun heç bir əsası yoxdur", - Həsənov əlavə edib.
Həsənov hesab edir ki, Azərbaycandakı bütün dini icmalar bu tipli halları pisləyəcəklər, bunun arxasında duran qüvvələri lənətləyəcəklər və bundan sonra da belə hallara yol verməyəcəklər. "Biz Qərb dövlətlərində görürük ki, İslam bayrağı altında hansı aksiyalar keçirilir, dövlət daxilində nə qədər qarışıqlıq yaradırlar, onların dövlət və mədəniyyət strukturlarına, qurumlarına təzyiqlər göstərirlər və bu təzyiqlər də sonda ona gətirib çıxarır ki, həmin dövlətlər və onların xalqının maraqlarına zərbələr dəyir. Bunun da arxasında duran insanlar ondan öz maraqları naminə istifadə edirlər", - PA-nın şöbə müdiri deyib.
Həsənovun sözlərinə görə, hazırda Azərbaycanda dini fəaliyyət və dini icmaların fəaliyyəti normalar, qanunlar əsasında tam tənzimlənir, qanunlar çərçivəsində fəaliyyət göstərən bütün dini icmaların fəaliyyəti azaddır, amma o icmalar ki, qanunları, cəmiyyətin ictimai davranış normalarını pozur, ictimai davranışa özlərinin ambisiyaları ilə müdaxilə etməyə çalışır, onlara qarşı da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən digər müvafiq qurumlar da tədbirlər görəcəklər.
Qeyd edək ki, oktyabrın 5-də ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdiriblər.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44