Prezident Azərbaycandakı Korrupsiyadan danışdı
12:17 10-10-2012
CƏMİYYƏT
Prezident Azərbaycandakı Korrupsiyadan danışdı
İlham Əliyev " Vətənə bağlı olan müasir gənclər qabağa çəkilməlidir
Prezident İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak edib. Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı burada bölgə gənclərinin nümayəndələri ilə görüşüb.
“Unikal”qəzeti prezident İlham Əliyevin görüşdəki çıxışın olduğu kimi oxuculara təqdim edir.
"Hər bir rayonda müasir standartlara cavab verən Gənclər Evi, Gənclər Mərkəzi yaradılmalıdır. Artıq bu proses başlamışdır, uğurla gedir. Əminəm ki, yaxın illərdə hər bir rayonda belə gözəl mərkəzlər olacaqdır".
Ölkə başçısının sözlərinə görə, dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar.
"Azərbaycan azad ölkədir, azad cəmiyyətdir. İqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur. Hər bir vətəndaş üçün bütün imkanlar vardır. Bilik olmadan indi həyatda layiqli yer tutmaq çətin olar. Buna görə mən həmişə gənclərlə görüşlərimdə bu məsələyə diqqət yetirirəm. Sadəcə olaraq, bu, bir şüar deyildir, doğrudan da hər bir gəncin fəaliyyəti, gələcəyi üçün ilk növbədə bilik çox vacibdir"-deyə İlham Əliyev qeyd edib.
Prezident deyib ki, hazırda Azərbaycan iqtisadiyyatı dünya miqyasında aparıcı iqtisadiyyatlar sırasındadır. "Rəqabət qabiliyyətliliyə görə biz dünya miqyasında 46-cı yerdəyik. MDB məkanında birinci yerdəyik. Rəqabət qabiliyyətlilik heç də neft-qaz hasilatı ilə ölçülmür. Bu, aparılan islahatların mahiyyətini göstərir. Yəni, iqtisadiyyatımız indi geniş biznes fəaliyyətinin aparılması üçün bütün imkanları ortaya qoyur. Mən görürəm ki, biznes strukturlarının əksəriyyətinin rəhbərliyində gənclərdir. Mən bunu çox bəyənirəm, alqışlayıram. Hesab edirəm ki, gələcəkdə bu proses daha da sürətlə getməlidir".
Daha sonra prezident gənclərin suallarını cavablandırıb. O, Qarabağ məsələsilə bağlı sualı belə cavablandırıb:
- Mən dəfələrə bu barədə öz fikrimi bildirmişəm və bir daha demək istəyirəm, Ermənistanın əsas məqsədi ondan ibarətdir ki, bu münaqişə öz həllini tapmasın. Hələ bir neçə il əvvəl Minsk qrupunun həmsədrlərinə öz fikrimi bildirmişdim və demişdim ki, məndə yaranan təəssürat bundan ibarətdir. Çünki əgər Ermənistan rəhbərliyi münaqişənin həllini istəsəydi, buna nail olmaq çox asandır. Müxtəlif variantlar təklif edilmişdi və 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında yeni təqdim edilmiş variant Azərbaycan tərəfindən prinsip etibarilə qəbul edilmişdi və bu barədə Azərbaycan rəsmi qaydada öz mövqeyini bildirmişdi.
Bu variant nədən ibarət idi, bu barədə artıq mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Bütün işğal edilmiş rayonlardan erməni silahlı qüvvələrinin çıxarılması, Azərbaycan köçkünlərinin o torpaqlara qayıdışı, Ermənistan ilə Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyəti, sülhməramlı qüvvələrinin bölgəyə gətirilməsi nəzərdə tutulurdu və Dağlıq Qarabağın gələcək statusu qeyri-müəyyən bir vaxtda müəyyən olunacaqdı. Status nədən ibarət olacaqdı? Verilən təklifdə bu, göstərilmirdi. Hesab edirəm ki, bu, düzgün yanaşma idi. Çünki bu, gələcəyin işidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, tarixi torpağımızdır, əzəli torpağımızdır və bu gün Dağlıq Qarabağda yaşayan ermənilər gələcəkdə vahid Azərbaycan dövləti çərçivəsində yaşayacaqlar. Mən buna şübhə etmirəm".
Prezident deyib ki, Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil dövlət olacaq. "Bu, xülyadır, bu, fantaziyadır, bu, heç vaxt mümkün olmayacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bütün vacib beynəlxalq təşkilatların sənədlərində bu, öz əksini tapıb. Bu yaxınlarda Qoşulmama Hərəkatının qətnaməsində də - o Hərəkatda 120 ölkə cəmləşir, yəni, dünya birliyinin əksəriyyətidir, - məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunması nəzərdə tutulur. Bu ilin mayında Çikaqoda keçirilən NATO zirvə görüşündə son bəyanatda yenə də münaqişənin Azərbaycanın ərazi və ancaq ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Əlbəttə, bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri və s. vardır.
Yəni, bu, birmənalı yanaşmadır və mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir"-deyə İlham Əliyev vurğulayıb.
"Münaqişənin həllinə gəldikdə biz bir neçə ay bundan əvvəl həmsədr ölkələrin dövlət başçılarının bəyanatını eşitdik ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Çox müsbət bəyanatdır. Münaqişənin ilkin mərhələlərində belə bəyanatlar əfsuslar olsun ki, verilməmişdir. Ancaq bu bəyanatdan sonra real addımlar olmalıdır. Yoxsa, bu bəyanat havada qalacaqdır. Status-kvonun dəyişdirilməsi erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması deməkdir. Status-kvo başqa necə dəyişə bilər? Biz Ermənistan torpağını zəbt etməmişik ki, nəyisə dəyişək, hansısa güzəştə gedək. Ancaq əfsuslar olsun ki, bu bəyanatdan sonra hələ ki, konkret addımlar atılmır".
Prezident Milli Ordunun zabiti Ramil Səfərov məsləsinə də toxunub:
"Ramil Səfərov məsələsi də həm ermənilər tərəfindən, həm də əfsuslar olsun ki, bəzi xarici dairələr tərəfindən bir bəhanə kimi ortaya qoyuldu və bu məsələyə görə danışıqlar indi dalana dirənib. Danışıqlar dalana dirənib ona görə ki, Ermənistan status-kvonu dəyişdirmək istəmir. Ermənistan öz diasporunun gücünə arxayındır və hesab edir ki, bu status-kvonu əbədi saxlaya bilər. Ramil Səfərovun məsələsi elə bil ki, həm onlara, həm bu məsələ ilə məşğul olan bəzi xarici ölkələrə imkan verdi ki, artıq Azərbaycanı qınasınlar, sanki Azərbaycan danışıqlar prosesinə zərbə vurur. Biz 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupu tərəfindən verilmiş yeniləşmiş Madrid prinsiplərinin əsas parametrlərini qəbul etdik, Ermənistan etiraz etdi. Bu, ədalətsizlikdir və biz bu vəziyyətlə barışa bilmərik. Heç vaxt imkan verə bilmərik, belə rəy formalaşsın ki, guya Azərbaycanın addımları danışıqların uğursuzluğuna gətirib çıxarır. Bu, belə deyil və bu ədalətsiz mövqe üstünlük qazana bilməz.
Ramil Səfərov məsələsinə gəldikdə, bir daha demək istəyirəm ki, hər şey qanun çərçivəsində həll edilibdir. Avropanın qəbul etdiyi konvensiyalar əsasında ekstradisiya məsələsi həll olundu və Azərbaycan Konstitusiyası əsasında Ramil Səfərov mənim tərəfimdən əfv edildi. Bu çox düzgün qərar idi və mən bir daha demək istəyirəm ki, əgər lap o vaxt bilsəydim ki, ermənilər və onların havadarları belə hay-küy qaldıracaqlar, yenə də mən Ramil Səfərovu Azərbaycana gələn kimi əfv edəcəkdim.
Azərbaycan öz zabitini Vətənə qaytardı. Ən vacib məsələ bundan ibarətdir. Ermənilər nə deyir desinlər, bu, məni qətiyyən maraqlandırmır. Onların havadarları nə deyir desinlər, bu, məni maraqlandırmır, mən bu bəyanatlara əhəmiyyət vermirəm və Azərbaycana edilən əsassız hücumların heç biri cavabsız qalmamışdır".
İlham Əliyev təəssüflə qeyd edib ki, Avropa Parlamenti ikinci dəfə antiazərbaycan qətnamə qəbul edib.
"Azərbaycanın Milli Məclisi onlara layiqli cavab verdi, Prezident Administrasiyası da layiqli cavab verdi. Digər beynəlxalq təşkilatlar, Avropa Şurasının baş katibi, - o adam ki, ümumiyyətlə humanizmin keşiyində durmalıdır, insan haqlarının qorunmasının keşiyində durmalıdır, - Avropa Şurası əvvəlki illərdə bəzi hallarda humanitar əsaslar bəhanə gətirərək Azərbaycan dövlətini məcbur edirdi ki, cinayət törətmiş insanları əfv etsin, yəni cinayətkarları əfv etsin. Yaxşı, Ramil Səfərov doqquz ilə yaxın həbsdə yatdı, yəni artıq onun əfvi bütün mənəvi, siyasi, hüquqi cəhətdən tamamilə əsaslıdır. Ancaq biz nəyi görürük? Yenə ikili standartlar siyasətini görürük. Əgər, mən tam əminliklə deyirəm, erməni zabiti Azərbaycan zabitini öldürsəydi, bax əgər tamamilə əks vəziyyət olsaydı, heç vaxt bu qədər hay-küy qalxmazdı. Bizə qarşı ikili standartlar siyasəti aparılır, bu, reallıqdır, bu siyasətin səbəbləri var, hamımız bu səbəbləri bilirik.
Ancaq yenə də deyirəm, bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycan müstəqil dövlətdir, beynəlxalq təşkilatlarda fəaliyyət göstərir və aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. BMT, onun Baş Məclisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim maraqlarımıza uyğun olan qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Qoşulmama Hərəkatı, hansı ki, 120 ölkəni birləşdirir, bizim mövqeyimizi dəstəkləmişdir. İslam Əməkdaşlıq Təşkilatı bizim mövqeyimizi dəstəkləmişdir. Ona görə biz, yenə də deyirəm, tutduğumuz yoldan dönməyəcəyik, ermənilərin qaldırdığı hay-küy heç bir əhəmiyyətə malik deyildir. Biz onu, ümumiyyətlə, heç nəzərə almırıq. Bəzi Avropa siyasətçilərinin əsassız hücumları da cavabsız qalmayacaq və qalmır".
Prezident deyib ki, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə gedir.
“Korrupsiyanı şərtləndirən amillər vardır. Təkcə inzibati addımlarla bu bəla ilə mübarizə aparmaq çox çətindir. Çünki inzibati addımlar atılır, cəza tədbirləri görülür, insanlar cəzalandırılır, həbs edilir. Ancaq ondan sonra o yerlərə gələn yeni təyin edilmiş insanlar da bəzi hallarda müəyyən müddətdən sonra eyni yolla gedirlər. Ona görə inzibati tədbirlər əlbəttə ki, davam etdiriləcəkdir. Cəza tədbirləri daha da sərt olacaqdır. Ancaq bununla bərabər, korrupsiyanı mümkünsüz etmək üçün yeni üsullar da artıq işə salınır. Elektron hökumət, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə tətbiq edilən yeni sistemlər, qeydiyyat məsələsi, indi yeni yaradılmış “Asan” xidməti böyük dərəcədə bu korrupsiyanın qarşısını alacaqdır. Biz çalışırıq ki, Azərbaycanda şəffaflığı maksimum dərəcədə tətbiq edək. Bu sahədə də uğurlara nail olmuşuq”.
Ölkə başçısı gənclərlə bağlı mövqeyini belə ifadə edib:
“Gəncləşmə prosesi getməlidir və gedir. Hər bir cəmiyyətdə bu, olmalıdır. Əgər bu olmasa, nə olacaq? Durğunluq olacaq. Biz buna imkan verə bilmərik. Ona görə 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının icrası məhz bu zərurətdən əmələ gəlibdir".
İlham Əliyevin sözlərinə görə, peşəkar, bilikli, savadlı, Vətənə bağlı olan müasir gənclər qabağa çəkilməlidir.
"Amma yenə də burada ən vacib rolu gənclərin hazırlığı oynamalıdır. Eyni zamanda, yəqin bilirsiniz ki, bir neçə müddət bundan əvvəl pensiyaya gedəcək şəxslərin də yaş həddi müəyyən edildi. Bu da çox vacibdir. Müəyyən yaş həddindən sonra dövlət qurumlarında işləyən insanlar pensiyaya getməlidirlər. İstisna hal kimi, onların fəaliyyəti bir neçə il uzadıla bilər".
"Azərbaycan açıq dövlətdir, cəmiyyətimiz açıq cəmiyyətdir, bütün azadlıqlar var, heç bir məhdudiyyət yoxdur. Hər şey ancaq qanun çərçivəsində olmalıdır. Əgər hər şey qanun çərçivəsindədirsə, heç bir məhdudiyyət ola bilməz. Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar vardır. Azərbaycanda İnternet azaddır. Əgər ölkələrin statistikasına baxsaq, - yəni harada internet azaddır, harada yox, - görərik ki, heç də hər bir dövlətdə azad internet yoxdur. Məhdudiyyətlər, qadağalar vardır. Bizim dövlətimizin, dövlət siyasətimizin bu istiqamətdə fəaliyyəti tamamilə şəffaf və açıqdır.
Mən çox istərdim ki, ilk növbədə, bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun.
Eyni zamanda, çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax, bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir. Nə üçün bu rəy formalaşdırılır, biz bunu da bilirik, bunu kim formalaşdırır, biz onu da bilirik. Bir tərəfdən dünya erməniliyi, erməni lobbisi Azərbaycanı ləkələmək üçün, digər tərəfdən Azərbaycan reallıqlarını həzm edə bilməyən bəzi siyasi və ictimai qurumlar. Üçüncü təbəqə, onu da biz açıq deməliyik, islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr, qeyri-hökumət təşkilatlarıdır ki, onların gündəlik fəaliyyəti Azərbaycanı qaralamaqdan ibarətdir. Mən onların adlarını heç çəkmək də istəmirəm. Ancaq deyə bilərəm ki, onların heç bir şantaj cəhdləri uğur gətirməyəcək, bütün səylər əbəsdir. Ancaq bu, var və biz öz ölkəmizi, öz mədəniyyətimizi təbliğ etmək üçün sosial şəbəkələrdən geniş şəkildə istifadə etməliyik. Dövlət bu istiqamətdə öz fəaliyyətini aparır - xaricdə müxtəlif tədbirlər keçirilir, diaspor təşkilatları güclənir, səfirliklər öz fəaliyyətlərini göstərirlər".
Digər Xəbərlər
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52