Türkiyə erməni patriarxlığının başçısı, arxiyepiskop Aram Ateşyan iyunun 23-də Ermənistana gözlənilən səfərindən imtina edib.
Unikal.org publika.az-a istinadən bildirir ki, buna səbəb arxiyepiskopun Ermənistanda "arzu olunmaz" elan edilməsi olub.
Belə ki, Aram Ateşyan bu ayın əvvəlində qondarma "erməni soyqırımı" ilə bağlı Almaniya bundestaqının qəbul etdiyi qərara təəssüfləndiyini qeyd edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib. Ancaq bu müraciət erməni əhalisi tərəfindən etirazla qarşılanıb. Hətta ermənilər Aram Ateşyanın Ermənistana girişinə qadağa qoyulması barədə ölkə rəhbərliyinə tələb irəli sürüblər.
Bundan əlavə, sosial şəbəkələrdə Aram Ateşyanın əleyhinə səhifələr yaradılaraq, onun Ermənistana gəldiyi təqdirdə yumurta hücumuna məruz qalacağı bəyan edilib.
Bütün bu gözlənilən təxribatları nəzərə alan Aram Ateşyan İrəvana getməkdən imtina etdiyini söyləyib.
Xatırladaq ki, iyunun 24-də Roma papası Fransisk Ermənistana səfər edəcək. Sözügedən səfər zamanı arxiyepiskop Aram Ateşyanın da Ermənistana gəlməsi planlaşdırılmışdı.