Azərbaycanda uşaqlara aliment kəsilməsi ilə bağlı məhkəmə tərəfindən qəbul edilən qərar dərhal icra edilə bilər.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Məclisin iyunun 24-də keçiriləcək plenar iclasına bununla bağlı Mülki Prosessual Məcəllənin 234-cü (qətnamənin icra edilməsi) maddəsində dəyişiklik edilməsini təklif edib.
Belə ki, Ali Məhkəmənin sədri Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə 234.1-ci və 234.2-ci bəndlərinin əlavə edilməsini təklif edib. Təklifdə qeyd edilir ki, Mülki Prosessual Məcəllənin adıçəkilən maddəsinə əlavə ediləcək 234.1-ci bəndə görə, dərhal icra edilmə halları istisna olmaqla qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Maddənin 234.2-ci bəndində isə göstərilir ki, aliment tutulması haqqında qətnamə dərhal icra edilməlidir.
Xatırladaq ki, hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 234-cü maddəsində aliment haqqında qətnamənin dərhal icra edilməsi məsələsi göstərilməyib.