Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Bu barədə anspress-ə xəstənin yaxınları məlumat veriblər.
Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat edilib.
Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib.
"Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqraba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".
Məsələ ilə bağlı mərkəzdən əvvəlcə anspress-ə bu adda həkimin onlarda çalışmadığı bildirilib. "Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki xəstə həmin tibb müəsisəsində əməliyyat edilib", deyə mərkəzin baş həkiminin katibəsi bildirdi.
Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə açıqlamasında faktı təsdiqləyib. O, deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. "Bu işə görə mən özüm də şokdayam".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələnin araşdırılacağını bildirdilər.