Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş toplantı keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini, Nərimanov Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri İradə Mahmudova bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışıb, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib.
İ.Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulayıb və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyib.
Həmçinin xüsusi olaraq nəzərə çatdırılmışdır ki, Azərbaycanda narkotikə aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz.
Qeyd olunan sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.