Bu gündən Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilib.
 
APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.
 
Hazırda siyahıda 17 adda avadanlıq, silah, mal və məmulat var. Qanuna edilən dəyişikliklə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçuş aparatları da daxil edilib.
 
 
Bununla əlaqədar Cinayət Məcəlləsinə edilən dəyişiklik də qüvvəyə minib. Beləliklə, məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması ilə əlaqədar əməllərə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma cəzası tətbiq ediləcək.