"Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaşdır".
 
Bunu bu gün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.
O, Bakıya son səfəri zamanı bir sıra müsbət və konstruktiv görüşlər keçirdiyini qeyd edib. Belə ki, xanım diplomat səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müxalifət nümayəndələri ilə görüşüb.
B.Brinks ABŞ-ın üç əsas aspekt - təhlükəsizlik, iqtisadiyyat və energetika, insan hüquqları üzrə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib.
"ABŞ təhlükəsizlik sahəsində, anti-terrorizm və transmilli təhdidlərə qarşı mübarizə məsələlərində Azərbaycanla əməkdaşlıqda maraqlıdır", - deyə dövlət katibi müavininin köməkçisi vurğulayıb.
İqtisadi əməkdaşlıq haqqında danışarkən, B.Brinks səfəri zamanı bir növ ölkələr arasında əməkdaşlığın rəmzi olan Səngəçal terminalında olduğunu diqqətə çatdırıb. O, həmçinin ABŞ-ın yeni İpək Yolunun inşa edilməsi təşəbbüsünü dəstəklədiyini bildirib.
B.Brinks eyni zamanda ABŞ-ın Azərbaycanda bir sıra jurnalistlərin və fəalların azadlığa buraxılmasını alqışladığını söyləyib. ("Report")