Dağlıq Qarabağa dair danışıqlar stolunda yeganə konkret təklif bundan ibarətdir: erməni tərəfi Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır.
 
Bu barədə tanınmış rusiyalı politoloq Aleksandr Xramçixin erməni portalına müsahibəsində bildirib.
 
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Azərbaycan və Ermənistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir" bəyanatına münasibət bildirən politoloq deyib:
 
"Mən hələ bilmirəm bu nə təkliflərdir. Ehtimal eləmək çətindir. Bəlkə də bu, elə köhnə təklifin təkrarıdır ki, Ermənistan Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır - nəyə ki, Azərbaycanın razı olacağı aydındır. Ancaq fikrimcə, bu, hansısa yüksək muxtariyyət statusudur, hərgah, heç kim deməyib ki, Bakı hətta aşağı muxtariyyətə də razıdır. Mən təsəvvür edə bilmirəm ki, erməni tərəfi bina könüllü şəkildə razılıq versin".
 
Rusiyalı ekspertə bəlli olan və güzəştli sayılan yeganə təklif bundan ibarətdir.
 
"Əslində isə bu təkliflər müxtəlif səbəblərdən nə Azərbaycanı, nə də Ermənistanı qane edir. Başqa təkliflər mənə məlum deyil. Və daha nələrin fikirləşilə biləcəyini tapmaqda mən çətinlik çəkirəm . Dəfələrlə dediyim kimi, tərəflərin məsələdə mövqeyi bir-birini istisna edir" – Xramçixin əlavə edib.
 
Qeyd edək ki, "Amerikanın səsi" radiosunun erməni redaksiyasına müsahibəsində Ceyms Uorlik deyib: "Deməliyəm ki, Azərbaycan və Ermınistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir. Əlbəttə ki, bu təkliflərlə bağlı fikir ayrılıqları var. Heç kim tam anlaşma da gözləmirdi. Ancaq hər iki tərəf, daha dəqiqi, iki prezident bu təkliflər üzərində işi davam etdirməyə razılıq verib". (Musavat.com)